Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Molla Pənah Vaqif” adlı kitab nəşr olunub.
   AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərovun müəllifi olduğu kitabda dahi söz ustasının həyat yolundan söhbət açılır, ədibin yaradıcılığı geniş aspektdə təhlil edilir. Vaqifşünaslığın zəngin ənənələrinə əsaslanan kitab eyni zamanda bir sıra yeni ideyaları ilə seçilir. İngilis dilində xülasənin daxil edildiyi kitab “Renessans-A” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap olunub.
   Cari ilin 28-30 sentyabr tarixində V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “Molla Pənah Vaqif” kitabının geniş təqdimatı keçiriləcək.
   Kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.