Qusar Dövlət Ləzgi Dram Teatrı Milli Teatr Günü münasibətilə tamaşaçılarına xüsusi proqram təqdim edəcək.
   Martın 10-da rayon Mədəniyyət sarayının səhnəsində təqdim olunacaq bayram tamaşasında kollektiv sevilən səhnə əsərlərindən parçalar nümayiş etdirəcək. Bununla yanaşı, xüsusi ssenari əsasında hazırlanan proqramda multikulturalizm və folklor nümunələri təqdim olunacaq.
   Teatrın bədii rəhbəri Faiq Qardaşov bildirib ki, yaranmasının 144-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib: “Əminəm ki, Milli Teatr Günündə təqdim edəcəyimiz xüsusi proqram teatrsevərlərin marağına səbəb olacaq”.
   Bayram tamaşasına baxmağa gələnlər mədəniyyət sarayının foyesində Milli Teatr Gününə həsr olunan sərgini də izləmək imkanı qazanacaqlar.