“Quriya gündəlikləri” gürcü xalqının yaşam tərzindən bəhs edir və tarixi məlumatlarla zəngindir
   
   Martın 9-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da gənc gürcü şairi Georgi Kekelidzenin “Gürcü ədəbiyyatı silsiləsi” seriyasından işıq üzü görən “Quriya gündəlikləri” kitabının təqdimat mərasimi keçirildi. Azərbaycan dilində nəşr olunan kitabın təqdimatı Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşdi.    
   Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq gürcü müəllif haqqında məlumat verdi. Bildirdi ki, Georgi Kekelidze Gürcüstan parlamentinin Milli Kitabxanasının direktoru, bu ölkənin “Saba” ədəbi mükafatının laureatıdır. Şairin bu əsəri gürcü xalqının yaşam tərzindən bəhs edir və tarixi məlumatlarla zəngindir. 
   Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğlu, Yazıçılar Birliyinin Tərcümə bölməsinin rəhbəri Pərvin Nurəliyeva, Bakı Dövlət Universitetinin (BDU) Kitabşünaslıq və nəşriyyat işləri kafedrasının dosenti Rasim Süleymanov şairin yaradıcılığından söz açdılar. 
   Qeyd olundu ki, G.Kekelidze Azərbaycan ədəbiyyatının yaxın dostudur və oxucularımız onun yaradıcılığı ilə tanışdır. Müəllifin yaradıcılıq nümunələri bu günə kimi ispan, alman, rus və digər dillərə tərcümə edilib. 
   Sonda gürcü yazar çıxış edərək tədbirin keçirilməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə və Milli Kitabxanaya təşəkkürünü bildirdi, kitabını imzalayaraq oxuculara hədiyyə etdi. Tədbir BDU-nun tələbələrinin ifasında şairin Azərbaycan dilinə tərcümə olunmuş şeirlərinin səsləndirilməsi ilə davam etdi. 
   Qeyd edək ki, G.Kekelidzenin “Quriya gündəlikləri” əsərini dilimizə şair-dramaturq İmir Məmmədli tərcümə edib. 
   
   Lalə Azəri