Milli peşəkar teatrın yaranmasına dair gəzişmələr 
   
   ...Gün elə bu gün idi, əyyam isə başqa. 
   Əslində, hər şey 144 il əvvəl həmin elə bu gündən bir neçə gün qabaq, yəni 1873-cü il martın 2-də Bakı general-qubernatoru D.Staroselskinin Tiflisə, Qafqaz canişini baron Aleksandr Pavloviçə ünvanladığı bir xidməti məktubla başlamışdı.   
   "İnayətli əfəndim" müraciəti ilə başlayan məktub müsəlmanların Novruz bayramı ilə əlaqədar planları barədə idi. Məktubda deyilirdi: "Martın 10-da müsəlmanların Novruz bayramıdır. Buranın yerli əhalisindən bir neçə şəxs o gün Mirzə Fətəli Axundovun "Vəziri-xani-Sərab" adlı əsərini tatar (yəni Azərbaycan dilində - müəl.) dilində oynamaq fikrindədir. Böyük pəhriz müddətində (xristianlarda Pasxadan əvvəlki orucluq - red.) teatr tamaşası verilməsi yasaq olduğundan və məzkur əsər senzor siyahısında qeyd edilmədiyindən mən əsərin oynanmasına izn verə bilmədim. Fəqət, digər tərəfdən, məncə, bu dəfə məzkur qanundan istisna mümkündür. Çünki bütün Zaqafqaziya əhalisi arasında Bakı əhalisi Avropa adətlərinə ən çox yabançı qalaraq hər cür yenilik və xüsusən tamaşadan uzaq qaçırlar. Şübhəsiz, onların arasında Avropa ruhlu əyləncələrə meyl və rəğbət oyatmaq öz-özlüyündə onları bizə yaxınlaşdırmaq üçün həqiqi vasitələrdən biridir. Ona görə də bu yolda birinci təşəbbüsün maneəyə uğraması arzu olunacaq hallardan deyildir. Bilxassə maneə rəsmiyyətdən doğur. Zira tamaşa pəhriz vaxtı verilsə də, tatar dilində olub, məhz müsəlmanlar üçündür. Digər tərəfdən də pyesin məzmununda elə bir şey yoxdur ki, qadağan edilən əsərlər cümləsinə daxil olmasına səbəb olsun»... 
   
   ...Belə məlum olur ki, bu gün bizim milli peşəkar teatrın yaranması gününü məhz martın 10-da qeyd etməyimizin səbəbi həm də böyük Həsən bəy Zərdabinin öz şagirdləri ilə birgə səhnələşdirmək istədiyi «Sərgüzəşti-vəziri-xani-Lənkəran» komediyasının icazə kağızına canişinlikdən müsbət cavabın vaxtında yetişməsi imiş. Milli Teatr Gününü bayram etməyimizin tarixi məhz bu gündən başlayır. 
   
   Hərçənd peşəkar teatr tariximizin hesablanmasında qəribə uyarsızlıqlar az deyil. Məsələn, milli dramaturgiya nümunələrinin yazılma tarixi 1850-ci illərdən başlayır. 1852-ci ilin yanvar ayında isə Tiflisdə nəşr olunan «Kavkaz» qəzeti yazır ki, «... yanvarın 31-də, ədəbiyyat və teatr aləmində bu zamanadək misli görünməmiş bir əhvalat olacaqdır. O gün birinci dəfə olaraq səhnədə tatar adətlərini, tatar paltarlarını, tatar çadırlarını və tatar həyatını müntəzəm bir şəkildə görəcəyik. 
   Ən mühüm budur ki, afişalarda qüdrətli bir tatar yazıçısı Mirzə Fətəli Axundzadənin adı görünəcəkdir...» 
   Düzdür, bu elanda «Xırs-quldurbasan» komediyasının hansı dildə - Azərbaycan türkcəsində, gürcü, yaxud rus dilində oynanılacağı yazılmayıb, amma müəllif də bizimki, əsərdə baş verən hadisə də özümüzünkü deyilmi?! Üstəlik, peşəkar teatr tarixi məhz 1850-ci ildən başlanan gürcülər bu bayramı - yanvarın 14-də dramaturq Georgi Eristavinin «Boşanma» komediyasının ilk nümayişindən hesablayır, teatr tarixinin yaranışını da elə dramaturqun adı ilə bağlayırlar, quruluşçu rejissorun yox. Təəssüf ki, XIX əsrin ikinci yarısında gürcü teatr tarixi və Tiflis teatr mühiti barədə rus dilində tapdığımız mənbələrdə o dövrdə Zaqafqaziyanın mədəni mərkəzi sayılan bu şəhərdə Mirzə Fətəlinin hansı pyeslərinin hansı dildə oynanılması ilə bağlı tutarlı fakt tapmaq cəhdimiz nəticə vermədi. 
   Amma bu araşdırmalar və sözügedən uyarsızlıq bir kənara, bu gün Milli Teatr Günü, sənət bayramıdır. Hər necə olsa, Azərbaycan adlı tarixi-coğrafi məmləkətdə Avropa təməlli peşəkar teatr milli jurnalistikadan da, milli bəstəkarlıq və Avropa təməlli təsviri sənət məktəblərindən də öncə yaranıb... 
   
   Milli teatrımız başqa bir xüsusda da hər kəsi qabaqlayıb, həm də təkcə Azərbaycanda yox, bütün Qafqazda... Belə ki, 1897-ci ildə «Birinci müsəlman dram truppası» yaratmış Həsən bəy Məlikovun (Zərdabi) təşəbbüsü ilə bir il sonra Bakıda peşəkar teatrın təməlinin qoyulduğu günün 24-cü ildönümündə yenə də gənclər yığışaraq «Artistlər ittifaqı»nın təməlini qoyurlar. 
   Bu ictimai sənət birliyi sonralar «Türk Aktyorlar İttifaqı» (1920), «Azərbaycan Teatr Cəmiyyəti» (1948), 1987-ci ildən isə Azərbaycan Teatr Xadimləri İttifaqı adlandı. Teatra bağlı insanların könüllü ictimai birliyi olan bu təşkilat iki imperiya arasında bir müstəqillik dövrünü şərəflə yaşadı, Azərbaycanın ikinci və əbədi müstəqillik dövründə də öz fəaliyyətini davam etdirir. 
   * * *
   ... Bu gün elə həmin gün!.. Milli teatrımızın doğum tarixinin təsbit olunduğu gündən 144, Qafqazda ilk yaradıcılıq ittifaqı olan Artistlər İttifaqının yaranmasından 120 il ötür. UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun və Beynəlxalq Teatr Xadimləri İttifaqının Konfederasiyasının həqiqi üzvü olan teatr ittifaqımızın keçdiyi 120 illik çətin və qəliz tarix barədə, onun əfsanəvi sədrləri barədə yazılarımız «Mədəniyyət» qəzetinin səhifələrində yer alacaq. 
   Hələliksə, hər kəsi - ömrünü teatra həsr edənləri, onların bu könüllü sənət əsirliyinə tablaşan doğmalarını, teatrı yalnız tamaşa salonundan, televiziya ekranından (belə də olur) görən, sevən zövqlü insanları təbrik edirik! 
   
   Gülcahan Mirməmməd