Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) “Ən layiqli alim - Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində “2016-cı ilin alimi” mükafat müsabiqəsini elan edib.
   Fonddan bildirilib ki, müsabiqə elm adamlarının, o cümlədən gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il əldə etdikləri elmi və elmi-təşkilati nailiyyətlər əsasında müsabiqə yolu ilə qiymətləndirilməsini və mükafatlandırılmasını nəzərdə tutur. “2016-cı ilin alimi” mükafat müsabiqəsinin məqsədi Azərbaycanda ötən il fəallıq göstərmiş, yüksək elmi nəticələrə nail olmuş, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc edilmiş elmi məqalələri və digər elmi əsərləri olan beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılmasıdır.
   Müsabiqə üzrə qaliblər aşağıdakı bir neçə nominasiya üzrə “İlin alimi-2016”, “İlin gənc alimi-2016” adlarını alacaq, diplom və pul mükafatları ilə təltif ediləcəklər.
   Müsabiqədə iştirak üçün sənədlər aprelin 17-dək qəbul olunacaq. Nəticələrin mayın ilk ongünlüyündə açıqlanması nəzərdə tutulur.
   Müsabiqədə Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatlarından, ali təhsil müəssisələrindən, nazirliklərin nəzdindəki elmi tədqiqat qurumlarından alim və mütəxəssislər fərdi qaydada iştirak edə bilərlər.