Martın 14-ü Torpaq çərşənbəsidir
   
   Baharın - Novruz bayramının müjdəçisi sayılan ilaxır çərşənbələrin sonuncusu Torpaq çərşənbəsidir. El arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" də adlandırılan Torpaq çərşənbəsi bu il martın 14-nə təsadüf edir.
   Torpağın müqəddəs sayılması, dəyərləndirilməsi onun həyatverici mahiyyətinə inamla bağlıdır. Torpaq əzəli, əbədi mahiyyəti, ormanları, otlaqları, havası, suyu, müqəddəs vətən anlamı ilə insanı özünün cazibəsində saxlayır. 
   İlaxır çərşənbələrin içində ən möhtəşəmi, böyük təmtəraqla keçiriləni Torpaq çərşənbəsidir. Evlərimizdə açılan süfrələrin zənginliyi, cürbəcür yeməklər, bayram şirniyyatları, səmənili xonça da bu təmtərağın əlamətidir. 
   Hər başlanğıc bir yenilənmədir. Novruz da təbiətin yenilənməsidir. Əski inanclara görə, torpağın oyanması ilə təbiət bütünlüklə yenilənir. Ona görə ki, varlığın əsasını təşkil edən su, od, yel özlərinin təsdiqini torpaqda tapırlar. Bu ünsürlərin torpaqla təması olmasa, yaşam olmaz. 
   Torpaq çərşənbəsi torpağa münasibətin doğmalığı üzərində qurulub. Ona görə də bu çərşənbədə bağ-bağça qaydaya salınır, ağacların dibi bellənir, əkin işlərinə başlanılır. El sözü var: “Torpaq deyir: səndən hərəkət, məndən bərəkət”.