Martın 7-də Şamaxıda rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü və Yel çərşənbəsi münasibətilə təntənəli şənlik keçirilib.
   Tədbir çərçivəsində Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin “Gülüstan” xalq çalğı alətləri ansamblı, Mərzəndiyə kənd Folklor klubunun aşıqlar ansamblı, rayon Mədəniyyət mərkəzinin bədii qiraətçiləri, kənd klub müəssisələri üzvlərinin iştirakı ilə konsert proqramı təqdim olunub. Əməkdar mədəniyyət işçiləri Ağamurad Şirvanlı, Rasim Ələsgərov və yerli müğənnilərin ifasında muğam və mahnılar səslənib.
   * * *
   Qəbələ rayon Mədəniyyət mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi açılıb. Mərkəzdə fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Xalq teatrının aktyorlarının ifasında İsi Məlikzadənin “Gəl qohum olaq” pyesi əsasında hazırlanmış tamaşa nümayiş olunub. Tamaşanın rejissoru Xəyal Gəncimov, musiqi tərtibatçısı Maqsud Kərimovdur. Müsavər Qasımov, Elşən Salehov, Aidə Seyfəddinli, Leyla Zeynalova və başqalarının rol aldığı tamaşa yerli teatrsevərlərin alqışları ilə qarşılanıb.
   * * *
   Ağsuda keçirilən bayram tədbirində rayonun ictimai-siyasi həyatında fəallıq göstərən, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan qadınlar iştirak edib. Mərasimdə çıxış edənlər qadınları bayram münasibətilə təbrik ediblər. Bayram tədbiri rayon Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən “Qönçə” xalq çalğı alətləri ansamblının ifasında konsert proqramı ilə davam edib.
   * * *
   Qazax rayon MKS-nin Dəmirçilər kənd kitabxana filialı kənd Sənətkarlıq evi ilə birlikdə “Hər yerdən istidir ana qucağı” adlı görüş təşkil edib. Z.Məmmədov adına uşaq bağçasında təşkil edilən tədbirdə valideynlər, mədəniyyət işçiləri və kənd sakinlərindən bir qrupu iştirak edib.
   Sənətkarlıq evinin müdiri Tərlan Əhmədova, kitabxana filialının müdiri Xanım Hüseynova, bağça müdirəsi Qiyafət Məmmədrzayeva, bağça müəlliməsi İndira Hacıyeva çıxış ediblər. Sənətkarlıq evinin dərnək rəhbəri Lütfiyyə Musayeva və dərnək üzvləri sazda mahnılar ifa ediblər. 
   * * *
   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan müəssisələrdə də bayram tədbirləri təşkil olunub. Tədbirlərdən biri Yevlax şəhər Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına sarayda keçirilib. “Analı dünyam” adlı tədbir Mədəniyyət mərkəzi və onun filialı olan şəhər Yaradıcılıq evi, şəhər klublarının iştirakı ilə keçirilib.
   Yevlax şəhər Mədəniyyət mərkəzində təşkil olunan “Adın şərəflidir sənin, ey qadın” adlı tədbirə MKS və kitabxana filiallarının işçiləri qatılıb.
   Regional İdarənin Mingəçevir şəhər nümayəndəliyində də Beynəlxalq Qadınlar Günü qeyd olunub. Mədəniyyət sahəsində çalışan xanımlara hədiyyələr verilib.
   * * *
   Şirvan şəhər Mərkəzi kitabxanasında “Ana - şərəf, şanın ucalığında dayanan varlıq” adlı ədəbi-bədii gecə keçirilib. MKS-nin direktoru İltifat Nəbiyev tədbir iştirakçılarını təbrik edərək xoş sözlər söyləyib. Şirvan şəhər 21 saylı tam orta məktəbin şagirdlərinin ifasında “Ana müqəddəsdir” adlı ədəbi bədii kompozisiya təqdim edilib. Məktəbin müəlliməsi Nüşabə İbrahimova və şagirdləri Mərkəzi kitabxananın keçirdiyi tədbirlərdə fəal iştiraka görə fəxri fərmanlarla təltif olunublar.