Kaliforniya Universitetində aparılan yeni tədqiqat göstərib ki, Qərbdə “mandarin” adlandırılan Şimali Çin dilində danışan azyaşlı uşaqlar musiqi səslərinin yüksəkliyini ingilis dilində danışan yaşıdlarına nisbətən daha yaxşı fərqləndirirlər. Qeyd olunur ki, Şimali Çin dilinin öyrənilməsi insan beyninə xüsusi şəkildə təsir göstərir.
   Tədqiqatçılar Şimali Çin və ya ingilis dillərini öyrənən ümumən 180 uşağın iştirakı ilə iki eksperiment aparıblar. Uşaqlar səslərin yüksəkliyinin və tembrinin qavranılması xüsusiyyətlərini dəyərləndirmək üçün nəzərdə tutulan tapşırıqları yerinə yetiriblər. 
   Mütəxəssislər məsələyə aydınlıq gətirərək bildirirlər ki, Şimali Çin dili ahəngli dildir. Bu isə o deməkdir ki, bu dildə müxtəlif hecalar ahəngdən asılı olaraq müxtəlif mənalar kəsb edə bilər. Buna görə də Şimali Çin dilini öyrənən uşaqlar səsin ahənginin dəyişməsini dərhal tutmağı öyrənirlər. Görünür, musiqi səslərinin yüksəkliyini də məhz bunun sayəsində yaxşı fərqləndirirlər.