“Həyata keçirdiyimiz islahatlarda inkişaf etmiş ölkələrin təcrübəsindən də istifadə edirik” 
   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü olub.
   Fransa Şirkətlər Hərəkatının vitse-prezidenti xanım Mari-Anj Debon dövlət başçısını salamlayaraq tədbirlərin iki ölkə şirkətləri arasında əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib. 
   Tədbirdə çıxış edən Prezident İlham Əliyev MEDEF nümayəndələri ilə sayca doqquzuncu görüşündən məmnunluğunu bildirib. Dövlət başçısı qeyd edib ki, 50-dən çox fransız şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. İqtisadiyyatımıza yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. Bu sərmayələr əsasən enerji sektoruna qoyulub, lakin qeyri-neft sektoruna da bəzi sərmayələr yatırılır. Bu isə indiki mərhələdə bizim üçün çox mühüm əhəmiyyət kəsb edir: “Eyni zamanda bu, Azərbaycanda yerli və əcnəbi biznes qruplarına iş görmək, sərmayə yatırmaq və yaxşı podratçı olmaq üçün çox əlverişli şəraitin yaradıldığına dəlalət edir”.
   Qeyd olunub ki, hazırda neft və qaz Azərbaycanda ümumi daxili məhsulun təqribən 30 faizdən artığını təşkil edir. Qalan hissə qeyri-neft sektorunun payına düşür: “İndi isə biz ixracımızı şaxələndirmək üçün fəal çalışırıq. Neftin qiymətinin üç-dörd dəfə aşağı düşdüyü bir dönəmdə buna indi xüsusilə ehtiyac var və bizə əldə edə bilmədiyimiz gəlirləri qeyri-enerji ixrac potensialı ilə kompensasiya etmək lazımdır”.
   Prezident vurğulayıb ki, bununla bağlı müvafiq islahatlar həyata keçirilir, bu islahatlarda inkişaf etmiş ölkələrin təcrübəsindən də istifadə edirik. İqtisadiyyatın hər bir sektoru üçün strateji yol xəritələri hazırlanıb: “Qarşıdakı illərdə bizim əsas diqqət yetirəcəyimiz sahə iqtisadiyyatımızın qeyri-neft sektoru olacaq. Mən Fransanın nüfuzlu şirkətlərini Azərbaycana gəlməyə dəvət edirəm”.
   Dövlət başçısı Azərbaycanın regional nəqliyyat qovşağı kimi imkanlarının artdığını da diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə hər növ təyyarə, o cümlədən ən böyük yük təyyarələri qəbul edə bilən 6 beynəlxalq hava limanı var. Biz artıq region üçün hava nəqliyyatı ilə yükdaşımalar qovşağına çevrilmişik. Bütün qonşu ölkələrlə dəmir yolu əlaqələrimiz var. Azərbaycanın Gürcüstan vasitəsilə Türkiyə ilə dəmir yolu əlaqəsi bu il yaradılacaq.
   Görüşdə Azərbaycanda dəmir yolu, qlobal nəqliyyat layihələri, metro tikintisi, rabitə texnologiyaları, kosmik sənaye, hava nəqliyyatı, energetika, neft-qaz sənayesi, maliyyə-bank sistemi, şəhər infrastrukturu layihələri, kənd təsərrüfatı, irriqasiya sistemi, turizm, mehmanxana sənayesi, bərpaolunan enerji və digər sahələrdə Azərbaycan ilə çox uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib və bu sahədə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb. 
   Prezident bu sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı suallara ətraflı cavab verib.
   Sonda “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Thales Air Systems SA” şirkəti arasında anlaşma memorandumu imzalanıb.