Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Şuşa rayon üzrə nümayəndəsi Zahid Abbasov 60 illik yubileyi münasibətilə təltif edilib
   
   Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürovun iştirakı ilə Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon nümayəndələrinin zona müşavirəsi keçirilib.
   İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, mərkəzlə tanış olublar. 
   Müşavirəni regional idarənin baş məsləhətçisi və Abşeron rayon üzrə nümayəndəsi İlham Manafov açaraq iştirakçıları salamlayıb. 
   Sonra Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” ölkə Prezidentinin 29 mart 2016-cı il tarixli sərəncamı ilə aparılan islahatlardan danışıb. Sərəncamın icrasının təmin edilməsi, regional idarələrin əhatə etdiyi müəssisələrin fəaliyyətinin yeni şəraitə uyğun qurulması, digər məsələlər barədə ətraflı söhbət açıb. Novruz bayramının təşkili və bir sıra cari məsələlərlə bağlı tapşırıq və tövsiyələr verilib.
   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçiləri Zahid Abbasov, İlham Manafov, Möhsün Bağırov çıxış edərək aşkar olunan problemlərin aradan qaldırılacağını, verilən tapşırıq və tövsiyələrə əməl olunacağını bildiriblər.
   Mehman Şükürov mədəniyyət sahəsinə diqqət və qayğıdan bəhs edərək bu sahədə çalışanların əməyinin hər zaman qiymətləndirildiyini diqqətə çatdırıb, Şuşa şəhər MKS-nin müdiri Gülsarə Abbasovanı bugünlərdə ölkə başçısının sərəncamı ilə Əməkdar mədəniyyət işçisi fəxri adı alması münasibətilə təbrik edib.
   O, həmçinin Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi və Şuşa rayon üzrə nümayəndəsi Zahid Abbasovu 60 illik yubileyi münasibətilə təbrik edərək, onu fəxri fərmanla təltif edib. 
   Qeyd edək ki, Zahid Abbasov 1957-ci il martın 14-də Şuşa şəhərində anadan olub. Şuşada orta məktəbi bitirdikdən sonra, təhsilini Bakıda Ali Partiya Məktəbində, daha sonra Moskvada davam etdirib. Təhsilini başa vurduqdan sonra Şuşada bir sıra məsul vəzifələrdə çalışıb. 1991-ci ildən Şuşa Rayon Mədəniyyət Şöbəsinin müdiri təyin edilib. Şuşanın 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı mədəni irsimizin, o cümlədən Şuşadakı Xalça muzeyində saxlanılan xalçaların, Üzeyir Hacıbəylinin ev-muzeyinin eksponatlarının xilas olunmasında bilavasitə iştirak edib. Zahid Abbasov 2006-cı ildən Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri işləyib, 2017-ci ilin yanvarından Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi və Şuşa rayonu üzrə nümayəndəsi kimi fəaliyyətini davam etdirir. Mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 2010-cu ildə “Tərəqqi” medalına, 2015-ci ildə TÜRKSOY-un xüsusi medalına layiq görülüb.
   Müşavirənin sonunda M.Şükürov Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan müəssisələrin əməkdaşlarının təklif və müraciətlərini dinləyib.
   
   Fariz Hüseynov