Fransanın www.larevueduspectacle.fr saytında “Xocalı 613”, musiqi-xatirə stelası” adlı məqalə dərc olunub. Yazıda fransalı bəstəkar Pyer Tiluanın klarnet, skripka və simfonik orkestr üçün yazdığı “Xocalı 613” əsərinin diskinin buraxılması barədə xəbər verilib.
   Bildirilib ki, “Xocalı 613” əsəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı, 1992-ci ildə Xocalı şəhərində qətlə yetirilmiş günahsız mülki şəxslərin xatirəsinə ithaf edilib. Orkestrin həmin faciəni olduğu kimi təsəvvürlərdə canlandırdığı, müharibənin dəhşətlərini əks etdirdiyi diqqətə çatdırılıb.
   Müluz şəhərindəki “İki dünya” adlı musiqi festivalı çərçivəsində lentə alınan “Xocalı 613” əsərinin Fuad İbrahimovun dirijorluğu ilə Alen Tuaron (klarnet), Sabina Rakçeyeva (skripka) və şəhər simfonik orkestri tərəfindən ifa edildiyi bildirilib.