Martın 11-də Florensiyanın mərkəzində - Beynəlxalq Mədəniyyət Mərkəzinin və Romualdo del Bianko Fondunun qərargahının yerləşdiyi “Palasso Koppini” renessans sarayında Azərbaycanın tanınmış memarı, şəhərsalma mütəxəssisi Fikrət Hüseynova həsr olunmuş xatirə lövhəsinin açılış mərasimi keçirilib.
   Xatirə lövhəsinin açılışı 46 ölkənin ekspertlərinin qatıldığı memarlıq və turizmin inkişafının qlobal məsələlərinə dair konfrans çərçivəsində gerçəkləşib.
   Ötən il vəfat etmiş azərbaycanlı memar, memarlıq doktoru Fikrət Hüseynov memarlıq və təhsil sahəsində Azərbaycan-İtaliya mədəniyyət əlaqələrinin inkişafına mühüm töhfələr verib, uzun illər Romualdo del Bianko Fondu ilə əməkdaşlıq edib, qurumun Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə əlaqələrinin yaradılmasında iştirak edib. 
   Açılış mərasimində çıxış edən memarın oğlu, AzMİU-nun dosenti Əmir Hüseynov ailə üzvləri, habelə universitetin rektoru və professor-müəllim heyəti adından Romualdo del Bianko Fondunun prezidenti Paolo del Biankoya təşəkkürünü bildirib. 
   Fondun prezidenti əsası F.Hüseynov tərəfindən qoyulan dostluq və əməkdaşlığın onun ardıcılları və şagirdləri tərəfindən davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.