Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə martın 10-da Suraxanı rayon Heydər Əliyev Mərkəzində görkəmli yazıçı Fərman Kərimzadənin (1937-1989) 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
   Tədbirdə kinorejissor, ssenarist, Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov, aktyor və rejissor, Əməkdar artist Elxan Qasımov, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aynur Xəlilova, Şadlinski nəslinin nümayəndəsi Eşqin Şadlinski, digər qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları Fərman Kərimzadənin həyat və yaradıcılığından söhbət açıb, yazıçının “Qarlı aşırım” romanı əsasında ekranlaşdırılmış “Axırıncı aşırım”, redaktoru olduğu “Bizim küçənin oğlanları”, “Dərviş Parisi partladır” kimi filmlərdən bəhs ediblər. Filmlərdən fraqmentlər nümayiş etdirilib, ədiblə bağlı xatirələrdən danışılıb.
   Fərman Kərimzadə “Çaldıran döyüşü”, “Xudafərin körpüsü”, “Təbriz namusu”, “Qarlı aşırım”, "Qoca qartalın ölümü" və s. məşhur əsərlərin müəllifidir.