Rəssam və aktrisa Suğra Bağırzadənin yubiley sərgisi
   
   Martın 10-da Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda rəssam və aktrisa Suğra Bağırzadənin 70 illiyi münasibətilə “Hər yerdə gözəllik” adlı fərdi yaradıcılıq sərgisinin açılışı keçirilib. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin və ARİ-nin təşkilatçılığı ilə təşkil olunub. 
   Sərgini ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq S.Bağırzadənin incəsənətə bağlı ömründən, aktrisa və rəssam kimi yaradıcılığından söz açıb. O, sərgidə sənətsevərlərə təqdim olunan əsərlərin yüksək peşəkarlıqla hazırlandığını diqqətə çatdırıb. 
   Xalq artisti Amaliya Pənahova, “Simurq” Mədəniyyət Assosiasiyasının rəhbəri Fuad Məmmədov, ARİ-nin katibi Rafiq Kərimov, qurumun dekorativ və tətbiqi sənət bölməsinin sədri Aydın Rəcəbov və başqaları S.Bağırzadənin yaradıcılığını yüksək dəyərləndirib, onun ölkəmizdə yaratdığı yeni istiqamətin özəlliklərindən söz açıblar. Rəssamın yüksək sənətkarlıq, incəlik və dəqiqliklə yaratdığı əsərlərinin hamını valeh etdiyi dilə gətirilib.
   S.Bağırzadəyə yubileyi münasibətilə diplom təqdim edilib. Sonra tamaşaçılar əsərlərlə yaxından tanış olublar. 
   Qeyd edək ki, sərgidə rəssamın 70 əl işi nümayiş etdirilir. Onun güllərdən, otlardan, meyvələrdən yaratdığı nümunələr floristika adlanır. “Məhəbbət fərağında”, “Füsunkar”, “Mənim yolum”, “Səmalara”, “Duyğular fəvvarəsi”, “Qu quşu gölü”, “Meşə ovsunu”, “Sevgi çəmənliyi”, “Ailə”, “Boran”, “Yazın incə qoxusu”, “Zəfəranlıq” və başqa əsərlərdə təbiətdən gələn həqiqi gözəlliyi görmək olur. Rəssam yapışqanlardan istifadə etməklə əsərlərindəki təbiətə yeni həyat verir, sənət vasitəsilə onların ömrünü uzadır. 
   Bildirək ki, S.Bağırzadə ixtisasca mühəndis olsa da, aktrisa və rəssam kimi tanınıb. “Ulduz” filmində (1964) Yetər rolu ilə məşhurlaşıb. “Alma almaya bənzər”, “Güllələnmə təxirə salınır!..” və s. filmlərdə çəkilib. 2008-ci ildə Əməkdar artist adına layiq görülüb. "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısıdır. Dünya Floristlər Şurasının sammitlərində fəal iştirak edir. 2003-cü ildən bu qurumda ölkəmizi təmsil edir. İndiyə kimi 9 fərdi sərgisi keçirilib. 
   
   S.Qaliboğlu