Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli teatr və kino aktyoru, Xalq artisti Hüseynağa Sadıqovun xatirəsinə həsr edilmiş tədbir təşkil olunub.
   Teatrdan bildirilib ki, əvvəlcə unudulmaz aktyorun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş edilib.
   Tanınmış mədəniyyət xadimlərinin iştirak etdiyi xatirə gecəsində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov, xalq artistləri Yasin Qarayev, Həmidə Ömərova, Ağaxan Salmanlı, Əməkdar artist Almaz Mustafayeva, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov çıxış edərək Hüseynağa Sadıqovun həyat və yaradıcılığı haqqında danışıb, onunla bağlı xatirələrini bölüşüblər. 
   Unudulmaz sənətkarın aktyorluq məziyyətləri, bənzərsiz səsi və xarakterik sifət cizgilərindən söz açılıb.
   Tədbirdə H.Sadıqovun rol aldığı tamaşa və filmlərdən epizodlar nümayiş olunub. Azərbaycan Dövlət Musiqili Teatrının aktyorları - əməkdar artistlər Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Səmədzadə Xasıyev və Hüseyn Əlilinin ifaları gecəyə xüsusi rəng qatıb. 
   Sonda sənətkarın qızı Tamilla Sadıqova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.
   Qeyd edək ki, Hüseynağa Sadıqov 21 mart 1914-cü ildə anadan olub. 50 ilə yaxın Gənc Tamaşaçılar Teatrında çalışıb. “Bir saat xəlifəlik”, “Müfəttiş”, “Evlənmə”, “Bəxtsiz cavan”, “Yaşar”, “İki ağanın bir nökəri”, “Qar kraliçası”, “Tamahkar”, “Ovod” və onlarla digər səhnə əsərində yaratdığı obrazlar qalereyası ilə tamaşaçı yaddaşında dərin iz buraxıb. Aktyor “Sehrli xalat”, “Ələddinin sehrli çırağı”, “Alma almaya bənzər”, “Babamızın babasının babası” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. 1983-cü il fevralın 23-də vəfat edib.