Nizami Kino Mərkəzində macar filmi nümayiş olunub
      
   Bakıda keçirilən Macarıstan günləri çərçivəsində martın 16-da Nizami Kino Mərkəzində “İnsanın faciəsi” tammetrajlı animasiya filmi (Azərbaycan dilində subtitrlərlə) nümayiş olunub.
   Filmin nümayişindən əvvəl Macarıstanın ölkəmizdəki səfiri İmre Laslotski Bakıda Macarıstan günlərinin təşkilinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Qeyd edib ki, “İnsanın faciəsi” filmi macar yazıçısı İmre Madaçın eyniadlı mənzum-poetik dramı əsasında çəkilib. Səfir 150 il bundan əvvəl yazılmasına baxmayaraq “İnsanın faciəsi” əsərinin bu gün də aktuallıq kəsb etdiyini, müasir dövrlə səsləşdiyini vurğulayıb.
   Filmin rejissoru Marsel Yankovic İmre Madaçın “İnsanın faciəsi” dramının indiyə qədər 40-dan çox dilə, o cümlədən bütün Avropa dillərinə tərcümə olunduğunu, son olaraq Azərbaycan dilinə tərcümə edildiyini söyləyib. Əsəri Azərbaycan dilinə tərcümə edə Rasim Müzəffərli isə filmin əsərə daha yaxın olduğunu diqqətə çatdırıb.
   Sonra “İnsanın faciəsi” filmi göstərilib. Filmin süjeti Tanrının İblislə mübahisəsi əsasında qurulub. Tanrı Yer üzündəki bütün varlıqları yaradır. Bununla razılaşmayan İblis payını istəyir. Tanrı İblisi Adəm və Həvvanın yaşadığı iki ağac arasına göndərir. İblis isə Adəmlə Həvvanın qəlbinə girir, onları yoldan çıxarır. Adəm və Həvva Tanrını tərk edirlər. Elə o vaxtdan da insanlığın faciəsinin əsası qoyulur. İnsanın faciəsini elə onun özündə axtarmaq lazımdır...
   Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi, Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyi, Azərbaycanın Macarıstandakı səfirliyi, bu ölkənin Azərbaycandakı səfirliyi və AMEA Mərkəzi Elmi Kitabxanası ilə birgə təşkil olunub.