Martın 15-də Miniatür Kitab Muzeyində “Vaqif Mustafazadə” miniatür kitabının təqdimatı keçirilib.
   Muzeyin təsisçisi və rəhbəri Zərifə Salahova bildirib ki, nəşrin ideyası Vaqif Mustafazadənin ev-muzeyinin direktoru, sənətkarın yaxın qohumu Afaq Əliyevaya məxsusdur. Bir neçə il əvvəl Moskvada Rafiq Fərhadovun Vaqif Mustafazadə haqqında kitabı nəşr edilib. A.Əliyeva böyük formatda olan bu kitabın üzərində işləyib və həmin materiallar əsasında miniatür kitaba Vaqif Mustafazadənin yaradıcılığından bəhs edən məqalələr daxil edilib. Nəşrə “ön söz”ü Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, epiloqu Afaq Əliyeva yazıb. V.Mustafazadənin ev-muzeyi və Miniatür Kitab Muzeyinin birlikdə rus dilində nəşr etdirdiyi kitab 2017-ci ildə “İndigo” mətbəəsində 100 nüsxə tirajla çapdan çıxıb. Ölçüsü 55x60 millimetr olan kitab 256 səhifədən ibarətdir. Nəşrə 29 ədəd rəngli və ağ-qara fotoşəkil daxil edilib. 
   Təqdimat mərasimində tanınmış cazmen Cavan Zeynallı, rejissor, Xalq artisti Vasif Babayev, yazıçı-kinodramaturq, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə, Xalq artisti, tarzən Ramiz Quliyev və digər çıxış edənlər Vaqif Mustafazadənin Azərbaycan musiqi mədəniyyətinə töhfələrindən söz açıb, yaradıcılığının çiçəkləndiyi dövrdə vəfat etməsini təəssüflə qeyd ediblər.
   Vaqif Mustafazadənin ev-muzeyinin direktoru A.Əliyeva tədbir iştirakçılarına təşəkkür edib. Diqqətə çatdırıb ki, cazla muğamı sintez etmək böyük bir hadisədir. Hər bir caz musiqiçisi yenilik etmək üçün daim axtarışda olur. V.Mustafazadə istər sənətdə, istərsə də zahiri görkəmdə başqalarından seçilməkdən qorxmayıb. O, eksperimentlərə hazır idi və sənətdə öz sözünü layiqincə deyib.