Bu günlər ölkəmizin bölgələrində, şəhər və rayonlarda, kənd və qəsəbələrdə rəngarəng Novruz tədbirləri, el şənlikləri təşkil edilir. 
   
   Martın 14-də İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin müəssisələrində ilaxır çərşənbələrdən sonuncusu - Torpaq çərşənbəsi münasibətilə tədbirlər keçirilib. İsmayılı rayonu Heydər Əliyev adına Mədəniyyət mərkəzinin təşkil etdiyi bayram tədbirində “Niyal” instrumental ansamblının konsert proqramı, Xalq teatrının üzvlərinin tamaşaları maraqla qarşılanıb. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, eləcə də İsmayıllı Peşə tədris mərkəzi tələbələrinin çıxışları tədbiri daha da yaddaqalan edib.
   Şamaxı rayon mərkəzindəki Heydər Əliyev parkında keçirilən tədbirdə Kərkənc kənd sənətkarlıq evinin və Əhmədli kənd sənətkarlıq klubunun üzvlərinin əl işləri sərgilənib. Rayon Mədəniyyət mərkəzinin “İncə tellər” aşıqlar ansamblı, Mirzə Məhəmmədhəsən adına muğam qrupu, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin “Buta” və “İgidlər” rəqs qrupları, Şirvan kənd folklor klubunun özfəaliyyət kollektivləri geniş konsert proqramı ilə çıxış ediblər. Şamaxı İncəsənət Təhsili Mərkəzində “Yurdumuza bahar gəlir” adlı bayram tədbirində müəllim və şagirdlərin əl işləri və rəsmlər sərgilənib, konsert proqramı təqdim olunub.
   * * *
   Goranboy rayonunda Novruza həsr olunmuş ümumrayon şənliyi keçirilib. Heydər Əliyev parkında keçirilən şənlikdə folklor nümunələri və əl işləri nümayiş olunub. Tədbirin sonunda Gəncə Dövlət Filarmoniyasının “Göygöl” ansamblı konsert proqramı ilə çıxış edib.
   * * *
   Qazax rayon MKS-nin təşkilatçılığı ilə Bala Cəfərli və Cəfərli kənd kitabxana filialları N saylı hərbi hissədə Novruz bayramı münasibətilə “Bayramınız mübarək! Vətən oğlu, mətin dayan!” adlı görüş keçirib. Musiqiçilərin ifasında mahnılar səslənib, əsgərlər tonqal ətrafında rəqs ediblər.
   Yuxarı Salahlı kənd 1 və 2 saylı kitabxana filiallarının təşkil etdiyi “Novruz gəlir, yaz gəlir” adlı şənlikdə “Səma” rəqs qrupu, saz dərnəyi üzvlərinin ifa etdikləri rəqs və mahnılar maraqla qarşılanıb. Qazaxbəyli kənd kitabxana filialı da “Yurdumuza bahar gəlir” şənliyi keçirib.
   * * *
   Kürdəmir şəhər Qələbə parkında İcra Hakimiyyəti və Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə ilaxır çərşənbə - Torpaq çərşənbəsi böyük coşqu ilə qeyd edilib. Mərasimdə MKS-nin “açıq kitabxana” sərgisi, Tarix-diyarşünaslıq muzeyinin eksponatları, Şilyan xalçaları, Rəsm qalereyası uşaqlarının əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Mədəniyyət mərkəzinin özfəaliyyət ansamblları və Uşaq incəsənət məktəbinin musiqi kollektivlərinin çıxışları iştirakçılara xoş ovqat bəxş edib.
   * * *
   Masallı Rayon İcra Hakimiyyəti binası qarşısındakı geniş meydanda bayram konserti keçirilib. Rayonun turizm imkanları və sənətkarların işlərinin sərgisi nümayiş olunub. Rayon idmançılarının nümunəvi çıxışları, Novruz personajları, Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin incəsənət nümayəndələrinin ifaları şənliyə rəng qatıb.
   * * *
   Zərdab rayon MKS-nin Mərkəzi kitabxanasında "Sazlı, sözlü Novruzum" adlı şənlik keçirilib. 5 saylı Məlikli kənd kitabxana filialı da kənd orta məktəbinin iştirakı, Məlikli bələdiyyəsi və icra nümayəndəliyinin dəstəyi ilə “Güllü, çiçəkli, bərəkətli Novruzum” başlığı altında şənlik təşkil edib.