Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Sumqayıt şəhəri üzrə kitabxanalarında silsilə tədbirlər keçirilib.
   Şəhər Mərkəzi uşaq kitabxanasında şair Almas İldırımın anadan olmasının 110 illik yubileyi münasibətilə "Zəncirləyib ürəyimi bu ellərə vermişəm" adlı poeziya axşamı təşkil olunub. Tədbirdə şairin keşməkeşli həyat yolu, ədəbi irsi haqqında məlumat verilib. Şairin şeirlərindən ibarət kompozisiya nümayiş olunub.
   Nizami Gəncəvi adına kitabxana-klubda keçirilən “açıq qapı” günündə “Verbal” uşaq tədris mərkəzinin şagirdləri, müəllimləri və valideynlər iştirak ediblər. Qonaqlar kitabxana ilə tanış olublar. “Nağıl otağı”nda kitabxanaçılar tərəfindən təqdim olunan kukla tamaşası balacaların marağına səbəb olub.
   S.Vurğun adına Mərkəzi kitabxananın əməkdaşları isə S.Rüstəmov adına Uşaq incəsənət məktəbinin foyesində kitabxana fonduna daxil olan ədəbiyyatlardan ibarət səyyar sərgi təşkil ediblər. İncəsənətə dair kitablar və bədii ədəbiyyat kollektiv tərəfindən maraqla qarşılanıb.