Xalqın tərəqqisinin çox mühüm amillərindən olan elmin, mədəniyyətin və gənclərin intellektual səviyyəsinin formalaşması təhsil sistemi ilə təmin edilir. Təhsilin əsas məqsədi həm də gənclərin istedadının, intellektual qabiliyyətinin üzə çıxmasına kömək etməkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə qayğıkeş münasibəti və güclü siyasi iradəsi sayəsində ərsəyə gələn “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ölkəmizdə təhsil sistemi qarşısında qoyulan məqsədə çatmağa və milli təhsil sisteminin Avropa təhsil standartlarına uyğunlaşdırılmasına geniş imkan verir.
   Bakı Xoreoqrafiya Akademiyası respublikamızda unikal sənət məbədgahıdır ki, balet sənəti və milli rəqs sahələri üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlayır. Balet və milli rəqs sənətinin yüksək səviyyədə tədris olunması üçün respublikanın məşhur səhnə xadimləri, xalq və əməkdar artistləri, əməkdar incəsənət xadimləri təhsil müəssisəsinə cəlb olunmuşdur. Akademiyanın beynəlxalq əlaqələri daha da genişlənmişdir. Son zamanlar Akademiya Avropa İncəsənət İnstitutları Liqasına (ELİA) qəbul olunub, bu təşkilatın üzvü kimi Avropada keçirilən tədbirlərdə fəal iştirak edir. 
   Akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev tədris ocağının xarici ölkələrin ali məktəbləri ilə qarşılıqlı əlaqəsinə xüsusi önəm verir. 
   Müsahibələrinin birində professor T.Əfəndiyev demişdir: “Akademiyada məşhur əcnəbi xoreoqrafların ustad dərslərinin keçirilməsi, tədris və metodiki vəsaitlərin günümüzün tələblərinə uyğun hazırlanması, Akademiyanın spesifikasına uyğun struktur islahatlarının aparılması və nəhayət professional elmi və pedaqoji kadrların Akademiyaya cəlb olunması tədris prosesinə müsbət təsir göstərir. Artıq kafedralara tapşırıq verilmişdir ki, milli xoreoqrafiya sənəti tarixi və xoreoqrafiya sənətinə dair dərsliklərin və metodiki vəsaitlərin hazırlanması təmin olunsun. Planlaşdırmışıq ki, müəllimlərimizi və imkan olduqca tələbələrimizi müasir rəqs cərəyanlarını öyrənmək üçün xaricdə olan xoreoqrafiya akademiyalarına uzun müddətə ezam edək”. Artıq qeyd olunan bu məsələlər tədricən həyata keçirilir.
   Moskva Dövlət Xoreoqrafiya Akademiyası, Sankt-Peterburqun A.Y.Vaqanova adına “Rus Baleti” Akademiyası, M.K.Çurlionis adına Litva Milli İncəsənət Məktəbi, T.Jurgenov adına Qazax Milli İncəsənət Akademiyası, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti və digər ali təhsil müəssisələri ilə təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq sazişləri imzalanmışdır. 
   Dünya şöhrətli balet ustaları ustad dərsləri keçmək üçün dəvət olunurlar. Almaniyanın Höte İnstitutunun müasir rəqs üzrə xoreoqrafı Sussane Yraun, amerikalı xoreoqraf Mark Morris, Rusiyanın Xalq artisti Dikalu Muzakayev, Belarus Akademik Böyük Opera və Balet Teatrının quruluşçu baletmeysteri Aleksandra Tixomirova, Litva Milli İncəsənət Məktəbinin müəllim-xoreoqrafı Petras Skirmantas, Niderland Haaqa Kral Konservatoriyasının müəllim-xoreoqrafı Tom Bosman və başqaları akademiyada ustad dərsləri keçiblər.
   Bu proses qarşılıqlı şəkildə həyata keçirilir. Akademiyanın bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova Minsk şəhərində, Milli rəqslər kafedrasının müdiri, Əməkdar artist Sənan Hüseynli Tbilisidə ustad dərsləri ilə çıxış etmişdir.
   Beynəlxalq münasibətlərin inkişaf etdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsinin bariz nümunəsi kimi akademiyada Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə I Beynəlxalq müsabiqənin keçirilməsini də göstərə bilərik. Müsabiqədə Amerika, Rusiya, Litva, Ukrayna, Qazaxıstan nümayəndələri iştirak etdilər. 200-dən artıq rəqqas müxtəlif yaş kateqoriyalarında milli və klassik rəqs istiqamətləri üzrə iştirak etmək üçün müsabiqəyə qatılmışdılar. 
   Akademiyanın əldə etdiyi nailiyyətlərdən biri də rəngarəng tədbirlərin keçirilməsidir. Martın 9-da Bakı Xoreoqrafiya Akademiyasının təşkilatçılığı ilə Opera və Balet Teatrında Daun sindromlu uşaqların reabilitasiya mərkəzi, 2 saylı xüsusi internat məktəbin sağlamlıq məhdudiyyəti olan uşaqları üçün, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbi və digər internat məktəblərinin uşaqları üçün P.İ.Çaykovskinin “Şelkunçik” baleti nümayiş etdirildi. Baletin quruluşçu xoreoqrafı Əməkdar müəllim Pullumb Aqalliyay, bədii rəhbər isə Xalq artisti Kamilla Hüseynovadır. 
   Vaxtilə bir nəfərin dahi Nizami Gəncəviyə “Ayın işığı, gülün ətri var, bəs insanın nəyi var? sualına böyük şairin cavabı belə olub: “Ulu əcdadlarımızın yenilməz insanlığı və tükənməz xeyirxahlığı”. Akademiyanın şagird və tələbələrinin iştirak etdiyi tamaşa xeyriyyə məqsədilə nümayiş olundu. Tamaşa həm də uşaqlarda xoreoqrafiya sənətinə maraq yaratmaq məqsədi daşıyırdı.
   Akademiyada təhsilin keyfiyyətinin yüksəldilməsi uğrunda öz ixtisasını dərindən bilən peşəkar müəllimlər çalışırlar. Gənclərin hərtərəfli inkişafı və geniş dünyagörüşünə malik olması onlara verilən təhsilin keyfiyyətindən asılıdır. Bu işdə biz müəllimlərin üzərinə daha böyük məsuliyyət düşür. Çünki milli təhsil və mədəniyyətin taleyi bilavasitə müəllimlə bağlıdır. Dərin bilikli, yüksək elmi-nəzəri hazırlığa və pedaqoji təcrübəyə malik müəllimlər cəmiyyətin ziyası, aparıcı qüvvəsidir. 
   
   Aygül Hüseynova 
   Bakı Xoreoqrafiya Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru