Xəbər verdiyimiz kimi, 10 mart - Milli teatr günü münasibətilə bir qrup yaradıcı insan Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 
   Onların arasında Lənkəran Dövlət Dram Teatrının aktrisası Aynur Əhmədova da var. Teatrdan bildiriblər ki, A.Əhmədova 1998-ci ildən bu sənət ocağında çalışır, dünya və Azərbaycan dramaturgiyası nümunələrinin bir çoxunda maraqlı rolların ifaçısıdır. Onun “Lənkəran xanının vəziri”ndə (M.F.Axundzadə) Şölə, “Ruhlar”da (E.D.Filippo) Mariya, “Qəribə oğlan”da (İ.Əfəndiyev) Kəmalə və s. obrazları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Aktrisa bu yaxınlarda İranda keçirilən 34-cü Beynəlxalq Fəcr Teatr Festivalında B.Beyzayinin “İlan Sultan” tamaşasında Nigar xanım obrazı ilə uğurla çıxış edib.
   Yuğ Dövlət Teatrından verilən məlumatda isə bildirilir ki, teatrın aparıcı səhnə ustası, Əməkdar artist Sonaxanım Mikayılova Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı və Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif olunub. S.Mikayılova 1979-cu ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə Z.Abbasovun "Onun bəlalı sevgisi" (Xalidə) filmi ilə başlayıb, K.Əzimzadənin «İmtahan», E.Qasımovun «Köhnə bərə» və s. filmlərdə yaddaqalan rollar oynayıb. 1989-cu ildən Yuğ teatrında çalışır. "Yol", "Dəli Domrul", "Yuxu", "Can üstə", "Birinci akt", "Medeya. Sekvensiya 01” və s. tamaşalarda maraqlı obrazlar yaradıb.