Azərbaycan xalqının mədəni irsini min illərdir özündə yaşadan Novruz bayramı bu il də xüsusi təntənələrlə qeyd edildi. 
   Ənənəvi olaraq bayram atmosferinin mərkəzi yenə qədim şəhər - İçərişəhər və onun yaxınlığındakı məkanlar idi. Bu il Novruz tətili doqquz gün (18-26 mart) davam etdi və bugünlərdə minlərlə bakılı və şəhərin qonaqları rəngarəng tədbirlərin şahidi və iştirakçısı oldu. 2010-cu ildən BMT-nin qərarı ilə beynəlxalq status qazanmış bayram münasibətilə Bakıda ilk dəfə Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə Novruz festivalı da keçirildi.
   Martın 20-də qədim şəhərin qala divarları yanında, Mirzə Ələkbər Sabir bağında yeni yaradılan Milli Turizm Təbliğat Bürosunun ilk layihəsi olan Novruz festivalı başlandı. Bir həftə davam edən festival şəhər sakinlərinin və turistlərin böyük marağına səbəb oldu. 
   Festival günlərində Azərbaycanın regionlarından müxtəlif kollektivlərin, xalq və estrada mahnıları ifaçılarının iştirakı ilə konsert proqramları təqdim olundu. Xalq tətbiqi sənət ustaları öz əl işlərini nümayiş etdirdilər, aşpazlar qonaqlara milli mətbəxin ləziz nümunələrini - kabablar, qutablar, dolma və digər yeməkləri təqdim etdilər. Atletlər, akrobatlar və sehrbazlar maraqlı əyləncəli proqramla tədbirə rəng qatdılar. 
   Bu il Bakıdakı İslam Həmrəyliyi Oyunlarının talismanı seçilmiş Qarabağ atlarına xüsusi təqdimat həsr olunmuşdu. Festivalın qonaqları suvenirlər, rəsmlər, sənətkarların əl işləri, milli geyim nümunələri aldılar, Novruz personajları ilə şəkil çəkdirdilər - bir sözlə, vaxtlarını xoş keçirdilər və bol müsbət emosiya qazanmış oldular.