Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən kinorejissor Elçin Musaoğlu “Əməkdar incəsənət xadimi” adına layiq görülüb. 
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fəxri adın medalını və vəsiqəsini rejissora təqdim edib.
   Elçin Musaoğlunu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayan nazir mədəniyyət və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söhbət açıb, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini söyləyib. Ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğının təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan Əbülfəs Qarayev bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.
   Sonda Elçin Musaoğlu yaradıcılığına verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.