Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əflatun Amaşov Gürcüstanda fəaliyyət göstərən “Ceyran” rəqs qrupunun üzvləri ilə görüşüb.
   Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişafı, mədəniyyətimizin təbliği və digər məsələlər müzakirə olunub.
   Əflatun Amaşov deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin ictimai-siyasi həyatında fəal rol oynayırlar. Azərbaycan dövləti də Gürcüstan ilə əlaqələrin inkişafına böyük önəm verir. Bu ölkədə yaşayan soydaşlarımızın da qayğılarına diqqətlə yanaşır.
   Sonra millət vəkili Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən göndərilmiş 20 dəst milli rəqs geyim formasını “Ceyran” rəqs qrupuna təqdim edib. Bildirib ki, nazirliyin Gürcüstandakı soydaşlarımıza dəstəyi bununla kifayətlənməyəcək. Bu cür yardımlar davamlı olacaq.
   Rəqs qrupunun rəhbəri Ceyran Qurbanova göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib. Bildirib ki, bu gün rəqs qrupunda azərbaycanlılarla yanaşı, gürcülər də çalışırlar, milli rəqslərimizi öyrənirlər. Qrupun üzvləri “Sarı gəlin”, “Turacı” və s. rəqslərimizi ifa edirlər.
   Görüşdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, muzeyin işçiləri, tələbələr iştirak ediblər. Ə.Amaşov muzeyə kitablar da hədiyyə edib.