Qusar teatrı Şahdağ Turizm Mərkəzində çıxış edib
   
   Şahdağ Turizm Mərkəzində Novruz bayramı şənlikləri çərçivəsində dahi Üzeyir bəyin “O olmasın, bu olsun” tamaşası göstərilib. Qusar Ləzgi Dövlət Dram Teatrının aktyor heyəti tərəfindən təqdim olunan tamaşa mərkəzdə istirahət edən yerli və əcnəbi qonaqların böyük marağına səbəb olub. 
   Məşhur musiqili komediya ilk dəfə olaraq açıq havada nümayiş olunub və bununla xüsusi diqqət cəlb edib. Dəfələrlə izlənməsinə baxmayaraq, bu ölməz əsərin qəhrəmanlarının replikaları, xüsusilə Məşədi İbadın çıxışları və musiqilər alqışlarla müşayiət olunaraq mərkəzdə istirahət edənlərə əsl bayram əhvalı bəxş edib.
   Məlumat üçün qeyd edək ki, hər il bayram günlərində əcnəbi turistlərin çoxluğu nəzərə alınaraq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Şahdağ Turizm Mərkəzində Azərbaycanın mədəniyyətinin təbliğinə xüsusi diqqət yetirilir, o cümlədən teatr tamaşaları göstərilir.