Bakı Dövlət Universitetində (BDU) Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Baku Chamber Orchestra” gənclər kamera orkestrinin iştirakı ilə "Musiqili fasilə" layihəsinin növbəti tədbiri keçirilib.
   Bədii rəhbəri BMA-nın rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli, direktoru BMA-nın prorektoru, Xalq artisti Yeganə Axundova, baş dirijoru Əməkdar artist Fuad İbrahimov olan orkestrin "Musiqili fasilə" layihəsinin əsas məqsədi tələbələrə klassik musiqini sevdirməkdir. Novruz bayramı ərəfəsində layihə Bakı Dövlət Universitetinin qonağı olub.
   Xalq artisti Yeganə Axundova çıxış edərək “Baku Chamber Orchestra” gənclər kamera orkestri və layihə haqqında məlumat verib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov iştirakçıları salamlayıb və bayram təbriklərini çatdırıb.
   Tədbirin bədii hissəsi orkestrin ifasında A.Əlizadənin “Cəngi” əsəri ilə başlayıb. Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyinin təqdimatında yeddi regionda - Qarabağ, Bakı, İrəvan, Naxçıvan, Gəncə, Şirvan, Lənkəranda Novruz bayramının qeyd olunmasını əks etdirən səhnəciklər nümayiş etdirilib. Dərnəyin üzvləri, Asəf Zeynallı adına Musiqi Kollecinin tələbələri tərəfindən muğam ifa edilib.
   Gənclər kamera orkestrinin ifasında Q.Qarayevin “Adajio və rəqs”, A.Vivaldinin “İlin fəsilləri” konsertindən “Yay” (solist beynəlxalq müsabiqə laureatı Ümidə Abbasova), Niyazinin “Arzu”, “Gəl bizə”, "Sevgi valsı" mahnıları (solistlər respublika müsabiqələri laureatları Orxan Cəlilov və Nərminə Abdullayeva) və sonda Niyazinin “Qaytağı” əsəri səslənib.