Naxçıvan teatrı haqqında araşdırmalar keçən əsrin 30-cu illərində başlamışdır. Jurnalist Rzaqulu Nəcəfovun bu teatrın fəaliyyətinə həsr olunan ilk irihəcmli tədqiqat işindən sonra bu barədə müxtəlif vaxtlarda L.Hüseynzadə, Ə.Xəlilov, Q.Məmmədli, C.Cəfərov, İ.Kərimov, M.Atayev, F.Xəlilov, C.Səfərov, İ.Rəhimli, Ə.Qəhrəmanov, C.Vəzirov və başqa müəlliflər xeyli məqalə, oçerk və kitablar yazmışlar. 2010-cu ildə isə “Naxçıvan teatrının salnaməsi” çap olunmuşdur. Lakin bütün bunlar Naxçıvan teatrı haqqında araşdırmaların sona çatdığını düşünməyə əsas vermir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun bu yaxınlarda çap olunan “Naxçıvan teatrında tərcümə əsərlərinin tamaşaları (1883-2013)” adlı monoqrafiyası bu fikrimizi təsdiq edir.
   Monoqrafiya giriş, iki fəsil və nəticə hissələrindən ibarətdir. Girişdə Naxçıvan teatrının yaranma tarixinə nəzər salınır, XIX əsrin 80-ci illərində burada rus və Azərbaycan dillərində yerli həvəskarlardan Eynəli bəy Sultanov, Mirzə Əliməmməd, Məmməd və Hüseyn Xəlilovlar, Ələsgər Şeyxov, Heydərqulu bəy Muradəsilov, Mirzə Ələkbər Süleymanov, Əbülqasım Sultanovun və rus hərbi xidmətçilərinin təşəbbüsü ilə teatr tamaşaları göstərilməsindən bəhs olunur.
   I fəsildə müəllif əvvəlcə XX əsrin ilk onilliyindən başlayaraq Naxçıvanda dünya klassiklərinin və müxtəlif xalqların dramaturqlarının Azərbaycan dilinə tərcümə olunmuş əsərlərinə marağın artması və bunun səbəbləri haqqında ətraflı şəkildə söz açır. Məlum olur ki, hələ 1907-ci ildə Naxçıvan şəhər məktəbində Böyükxan Naxçıvanskinin rejissorluğu ilə N.V.Qoqolun “Ölü canlar” əsəri səhnələşdirilibmiş. Sonralar isə bu ənənə bir sıra dram dərnəklərində davam etdirilmişdir. 
   Araşdırmalardan aydın olur ki, 1918-1922-ci illərdə Naxçıvan teatrında tamaşaya qoyulan tərcümə əsərləri türk müəlliflərinə məxsus olmuşdur. Həmin illərdə Əbdülhəq Hamidin “Hind qızı”, “Əşbər”, Namiq Kamalın “Vətən və ya Silistrə” və “Zavallı çocuq” pyesləri səhnələşdirilmişdir. Sonra müəllif 1924-1945 və 1945-1950-ci illərdə Naxçıvan teatrının müraciət etdiyi tərcümə pyeslərinin səhnə taleyinə işıq salır. Bu kontekstdə N.V.Qoqolun “Müfəttiş”, “Evlənmə”, F.Şillerin “Qaçaqlar”, “Məkr və məhəbbət”, U.Şekspirin “Otello”, K.Qoldoninin “İki ağanın bir nökəri”, M.Lermontovun “Maskarad” və başqa tərcümə əsərlərinin tamaşaları sistemli şəkildə araşdırılır. 
   Monoqrafiyanın II fəslində diqqət tərcümə əsərlərinin Naxçıvan teatrının inkişafında roluna və yeni yaradıcılıq səylərinin tədqiqinə yönəldilmişdir. Müəllifin fikrincə, keçən əsrin 60-cı illərindən etibarən Naxçıvan teatrında Azərbaycan dramaturqları ilə yaradıcılıq əlaqələrinə meyl nəzərəçarpacaq qədər güclənsə də, Şərq dramaturgiyasına da maraq artmış, eyni zamanda Qərb ədiblərinin pyeslərinin tamaşaya qoyulması da diqqətdən kənarda qalmamışdır.
   G.Fiqeryedo, N.Hikmət, K.Qoldoni, Ə.Nesin, G.Xuqayev, N.Dumbadze, Ç.Aytmatov, Ş.Rokva, O.Kamal, A.Çexov, Sofokl və başqa dramaturqların pyeslərinin Naxçıvan teatrındakı səhnə təcəssümünün elmi təhlilini verən tədqiqatçı eyni zamanda rejissorların, teatr rəssamlarının, bəstəkarların, aktyor və aktrisaların yaradıcılıq imkanlarından və uğurlarından da geniş şəkildə bəhs etmişdir.
   Monoqrafiya Naxçıvan teatrının keçdiyi yolu yeni baxış bucağından işıqlandıran tədqiqat işi kimi oxucular üçün dəyərli bir töhfədir.
   
   Fərman Xəlilov
   filologiya üzrə elmlər doktoru 
   
   Günay Zeynalova
   AMEA Naxçıvan Bölməsi Əlyazmalar fondunun əməkdaşı