Martın 28-də Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyi, AzTV və Azərbaycan Aşıqlar Birliyinin birgə layihəsi əsasında ustad sənətkar, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin xatirəsinə həsr olunmuş “Dədə Şəmşir ucalığı” adlı konsert keçirilib. 
   Əvvəlcə tədbir iştirakçıları sarayın foyesində sənətkara həsr edilmiş fotosərgiyə baxıblar.
   Tədbiri giriş sözü ilə Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açaraq ustad aşığın həyat və yaradıcılığından, onun şifahi xalq ədəbiyyatımızın inkişafında xidmətlərindən bəhs edib: “Elə sənətkarlar var ki, onlar sənət möhürlərini tarixin yaddaşına həkk edərək ölməzlik qazanırlar. Aşıq Şəmşir də belə sənətkarlardandır. O, klassik aşıq sənəti ilə müasir aşıq sənəti arasında körpü yaradan ustad aşıqlardandır”.
   Məhərrəm Qasımlı qeyd edib ki, ustadın xatirəsinə həsr olunan gecənin “Dədə Şəmşir ucalığı” adlandırılması heç də təsadüfi deyil. Çünki onun sazı-sözü bu ucalığı yaradıb. Nə qədər ki, aşıq sənəti, saz, söz var, Aşıq Şəmşir yaradıcılığı daim yaşayacaq. O, aşıq şeir formalarının, demək olar ki, bütün janrlarında gözəl əsərlər yaradıb. Hər bir ustad aşıq kimi çoxlu sayda şagird yetişdirərək onlara bu sənətin incəliklərini öyrədib. Sənətkarın Azərbaycan musiqi mədəniyyəti tarixindəki ən böyük xidmətlərindən biri də çoxlu sayda aşıq havalarını lentə yazdırmasıdır. Dədə Şəmşir yaradıcılığı aşıq musiqisinin öyrənilməsi və tədqiqində əvəzolunmaz xəzinədir.
   “Dədə Şəmşir ucalığı” adlı konsert tanınmış aşıqların ifasında rəngarəng aşıq havalarının səslənməsi ilə davam edib. Dədə Şəmşirin sözləri müxtəlif aşıq havaları üstündə səsləndirilib, ona ithaf olunan mahnılar oxunub. Aktyorların ifasında Dədə Şəmşirin şeirləri də tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.