Xaçmaz rayon Mərkəzi kitabxanasında 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar kitab sərgisi təşkil olunub. Kitab sərgisində tariximizin qan yaddaşından, 1918-ci ilin martında, eləcə də XX əsr boyu müxtəlif dövrlərdə erməni quldur dəstələri tərəfindən azərbaycanlı əhaliyə qarşı həyata keçirilmiş qırğınlardan bəhs edən tarixi ədəbiyyat, mövzu ilə bağlı kitablar nümayiş olunub.
   Xudat şəhər 22 saylı kitabxana filialında da Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anım tədbiri keçirilib. Kitabxana filialının müdiri Q.Zalova, kitabxana əməkdaşları F.Əhmədova, S.Arzumanova ötən əsrin əvvəllərindən başlayaraq erməni millətçilərinin xalqımıza qarşı apardıqları soyqırımı siyasətindən söz açıblar. Ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla hər il martın 31-də Azərbaycanlıların soyqırımı gününün qeyd edildiyi, bu tarixin heç vaxt unudulmayacağı vurğulanıb.
   * * *
   Goranboy rayon Mərkəzi kitabxanasının oxu zalında Azərbaycanlıların soyqırımı ilə əlaqədar “Tarixin qara səhifəsi” mövzusunda dəyirmi masa keçirilib. Oxu zalının müdiri Sevda Əliyeva, MKS-nin Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Aygün Əliyeva, Metodika və biblioqrafiya şöbəsinin müdiri Təzəgül Abbasova, Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı İlqar Əhmədov tariximizin bu qanlı səhifəsi barədə danışıblar. Tədbir iştirakçıları “31 mart - Azərbaycanlıların soyqırım günüdür” başlıqlı sərgi ilə tanış olublar.