Aprelin 7-də Bakı İncəsənət Mərkəzinin “Yeni Gallery” sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyi və Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan bədii plakatı: 1994-2005-ci illər” adlı sərgi açılacaq. Sərgidə bu illərdə yaradılmış bədii plakat nümunələri ictimaiyyətə təqdim ediləcək.
   Bu nadir milli plakat kolleksiyası 1994-2005-ci illərdə Bakı İncəsənət Mərkəzinin ABŞ-ın “Unocal” neft şirkətinin dəstəyi ilə keçirdiyi milli plakat müsabiqələri nəticəsində ərsəyə gəlib. “Azərbaycan bu gün” devizi altında keçirilmiş və 28 May - Respublika Gününə həsr edilmiş müsabiqələrin qalib plakatları kolleksiya şəklində Bakı İncəsənət Mərkəzinin fondunda qorunub saxlanılır. Bu əsərlərin Azərbaycan plakat sənəti tarixində əhəmiyyətini və milli təsviri sənətimizin vacib bir qolunu təmsil etməsini nəzərə alaraq Bakı İncəsənət Mərkəzi kolleksiyanın Mədəniyyət və Turizm Nazirliyinə əvəzsiz olaraq hədiyyə edilməsi təşəbbüsü ilə çıxış edib. Nazirlik böyük məmnuniyyətlə bu kolleksiyanı öz fondlarına qəbul etməyə razılıq verib. Bundan sonra 200-ə yaxın plakatdan ibarət kolleksiya Azərbaycanın muzey və digər fondlarında dövlət mülkiyyəti olaraq saxlanılacaq. 
   “Azərbaycan bədii plakatı: 1994-2005-ci illər” sərgisi aprelin 13-dək davam edəcək.