Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının kollektivi Türkiyənin Merzifon şəhərində Rusiya, Ukrayna, Gürcüstan və s. ölkə teatrlarının iştirak etdiyi ənənəvi beynəlxalq teatr festivalına qatılıb. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Əli Qasımovun bildirdiyinə görə, 18-27 mart tarixində gerçəkləşən festivalda Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin "İyirmi ildən sonra" əsəri nümayiş olunub.
   Tamaşanın rejissoru Əməkdar artist Novruz Cəfərovdur. Baş rollarda Xalq artisti Pərvanə Qurbanova və rejissorun özü çıxış edib. Gəncə teatrı festivalın diplomu ilə təltif edilib.
   Əli Əmirlinin 1994-cü ildə qələmə aldığı bu əsər ilk dəfə Dövlət Gənclər Teatrında istedadlı rejissor Hüseynağa Atakişiyevin quruluşunda tamaşaya qoyulub.