Xəbər verdiyimiz kimi, aprelin 23-dən 27-dək Bakıda IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə keçiriləcək festivalda Rusiyanın tanınmış musiqi kollektivi - Sankt-Peterburq Akademik Simfonik Orkestri də iştirak edəcək.
   Sankt-Peterburq Akademik Simfonik Orkestri Heydər Əliyev Sarayında 26 və 27 apreldə çıxış edəcək. Orkestrin bədii rəhbəri və baş dirijoru SSRİ Xalq artisti Yuri Temirkanovdur. 26 aprel konsertinin solisti Vadim Rudenko (fortepiano), 27 apreldə festivalın təntənəli bağlanış konsertinin solisti isə Sergey Doqadin (violin) olacaq. Konsert proqramlarında P.İ.Çaykovski, S.Raxmaninov, S.Prokofyev, D.Şostakoviç və İ.Stravinskinin əsərləri səsləndiriləcək.