Aprelin 6-da Azərbaycan Yazıçılar Birliyində “Borxes, estetik bir hadisə söz kimi” mövzusunda dəyirmi masa keçirilib.
   Argentina yazıçısı və şairi Xorxe Luis Borxesin həyat və yaradıcılığına həsr olunan tədbir bu ölkənin Azərbaycandakı səfirliyinin və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb. 
   Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva və yazıçının tələbəsi Silvia Zimmermann Borxesin həyat və yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər. 
   Bildirilib ki, Xorxe Luis Borxes “Uydurulmuş hekayələr”, “Alef”, “Uydurma canlılar ensiklopediyası” və bir çox kitabların müəllifidir. O, əsərlərində güzgü, yuxu və labirint effektlərindən tez-tez istifadə edib. Əsərləri XIX əsrin realist-naturalist ənənələrinə qarşı çıxan elmi-kütləvi və sehrli reallıq kimi cərəyanlara böyük töhfələr verib. Bəzi tədqiqatçıların fikrincə, Borxesin kor olması ona yenilikçi ədəbi simvolları təsəvvürləri vasitəsilə yaratmağa kömək edib.