Aprelin 6-da İstiqlal Muzeyində ötən ilin aprel ayında cəbhə bölgəsində baş verən qanlı döyüşlərə həsr edilən “Bitməyən savaş” adlı tədbir-sərgi keçirildi. 
   Tədbiri muzeyin direktoru Fəridə Şəms açaraq Aprel döyüşlərindən danışdı. Qeyd etdi ki, Qarabağ uğrunda savaş hələ bitməyib. Bu gün Azərbaycan ordusu güclü, əsgərlərimiz mətindir. Ötən ilin aprelindəki döyüşlər bunu bir daha göstərdi. 
   Qədirbilən xalqımız öz övladlarının qəhrəmanlığını heç zaman unutmayacaq. 
   Aprel döyüşlərində həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edildi. 
   Şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxışında əvvəlcə tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi. Qeyd etdi ki, Qarabağ torpağı necə olur-olsun düşməndən azad edilməlidir. Bunu bizə o torpaqlarda qalan ata-babalarımızın məzarları, tarixi ziyarətgahlarımız və şəhid düşən balalarımızın ruhu deyir. Nə qədər ki, Qarabağ azad edilməyib, şəhidlərin ruhu şad olmayacaq. 
   Jurnalist Aidə Eyvazova şəhidlərə həsr etdiyi və yenicə çapdan çıxan “Qalibiyyət” kitabından danışdı. Sonra kitabı muzeyin direktoruna təqdim etdi.
   Tədbirdə daha sonra şəhid anası Şəhla Müstəcəbova, Aprel döyüşlərində iştirak etmiş əsgərlərdən Rəşad Həşimov, Anar Hüseynli çıxış etdilər, şəhid düşən hərbçi yoldaşlarının qəhrəmanlığından danışdılar.
   Çıxışlardan sonra Təhsil Nazirliyinin Təhsil alan gənclərin respublika bədii yaradıcılıq evinin nümayəndələri tərəfindən kompozisiya nümayiş olundu. Sonra tədbir iştirakçıları şəhid əsgərlərin əşyalarının nümayiş olunduğu sərgiyə baxmağa dəvət olundu. 
   Tədbirdə şəhidlərin yaxınları, Milli Qvardiyanın, Daxili Qoşunların əsgərləri, “İdrak” liseyinin şagirdləri, Sərhəd Qoşunlarının şəxsi heyəti və digər qonaqlar iştirak edirdi.
   
   Savalan Fərəcov