İsmayıllıda ötən ilin aprelində erməni qəsbkarlarına qarşı döyüşlərdə şəhid olan Mikayıl Vahabzadənin xatirəsinə həsr edilən “Şahin” hərbi idman oyunlarının rayon turu keçirilib.
   Rayon İcra Hakimiyyəti, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə şəhidin anım günü - “Şahin” hərbi idman oyunlarının açılışı izdihamlı keçib. Mədəniyyət mərkəzinin qarşısında Aprel döyüşlərində canlarını vətən uğrunda fəda edən qəhrəman oğulların şəkillərindən ibarət sərgi də təşkil edilib.
   Çıxış edənlər Maçaxı kəndində doğulub boya-başa çatan, Sumqayıt Dövlət Universitetinin məzunu Mikayıl Vahabzadənin qısa həyat yolundan, İsmayıllı gənclərinin Aprel döyüşlərində göstərdikləri şücaətdən danışıblar. 
   Şəhid Mikayıl Vahabzadənin dayısı Nəriman Şərifov göstərilən diqqətə görə rayon rəhbərliyinə, tədbir iştirakçılarına minnətdarlığını bildirib. Tədbir məktəblilərin təşkil etdiyi hərbi keçidlə başa çatıb.