Keçən il turistlərin, xarici vətəndaşların ölkəmizə səfərləri 11 faiz artmışdır. Bu ilin birinci rübündə artıq 25 faiz artım var. Bu da çox gözəl göstəricidir. Bunun, əlbəttə ki, bir çox səbəbləri var. 
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri aprelin 10-da Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.
   Bu ilin birinci rübündə ölkə iqtisadiyyatının əsas göstəricilərinə nəzər salan dövlət başçısı ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunun 2,4 faiz artdığını, qeyri-neft sənayesində artımın 2 faiz səviyyəsində olduğunu, kənd təsərrüfatının 3,5 faiz artdığını bildirib. Vurğulanıb ki, birinci rübdə valyuta ehtiyatları 1 milyard dollar artıb və bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollar təşkil edir.
   Prezident ilin birinci rübündə turizm sektorunda artımın da əhəmiyyətini qeyd edib. Bildirib ki, bu istiqamətdə görülən işlər, o cümlədən müasir infrastrukturun yaradılması öz bəhrəsini verir: “Bizim 6 beynəlxalq aeroportumuz var. Bizim ən son modellərlə təchiz edilmiş hava nəqliyyatımız var. Bütün bölgələrə gözəl yollar çəkilib. Bakıda və bölgələrdə gözəl hotellər tikilib. Bakıda dünyanın demək olar ki, bütün aparıcı hotel şəbəkələri öz hotellərini idarə edirlər. Bütün bölgələrdə müasir hotel infrastrukturu, müalicəvi turizm inkişaf edir. Biz ənənəvi turizm bölgələrini bərpa etdik. Vaxtilə - sovet dönəmində Naftalana 70 min turist gəlirdi. Verilən son məlumata görə, hər il təxminən 30-35 min insan buraya müalicə almağa gəlir. Biz Qalaaltı kurortunu bərpa etmişik, özü də yüksək səviyyədə. Sovet vaxtında orada olan vətəndaş indi görür ki, burada yerlə göy qədər fərq var. Biz digər müalicəvi turizm zonalarını yaratdıq, yeni turizm obyektləri istifadəyə verildi. Qusarda Şahdağ, Qəbələdə Tufandağ xizək kompleksləri ən müasir turizm infrastrukturudur”. 
   Prezident bildirib ki, digər mühüm amil ölkəmizdə mövcud olan sabitlikdir: “İndi turistlər də baxırlar ki, hara getsinlər, riskli yerlərə getmək istəmirlər. Bilirlər ki, Azərbaycanda onların təhlükəsizliyi qorunacaq. Bilirlər ki, Azərbaycan sabit ölkədir. 
   Növbəti amil mənim göstərişimlə “ASAN viza” sisteminin yaradılmasıdır. Mənə bu yaxınlarda məruzə edildi ki, üç ay ərzində “ASAN viza” xətti ilə 40 min viza verilib. Bu sistem Azərbaycana viza ilə gələnlərə şamil olunur. 80-dən çox ölkənin vətəndaşı elektron viza alır. Bunlar olmasaydı, turizm inkişaf edə bilərdimi? Əlbəttə, bizim tariximiz, tarixi abidələrimiz, gözəl iqlimimiz, xalqımızın qonaqpərvərliyi, zəngin mətbəxi də bu işdə rol oynayır. Ancaq bunlar hamısı var idi. Bəs, niyə turizm inkişaf etmirdi? Biz bu sahədə inkişafı niyə görmürdük? Ancaq bu məsələni mən şəxsən öz nəzarətimə götürəndən sonra burada dönüş yarandı. Mənim yadımdadır, dəfələrlə müxtəlif dövlət qurumlarına göstəriş vermişdim ki, bu viza məsələlərini həll edin. Çünki vizalarla bağlı pozuntular bizim imicimizə zərbə vururdu. Xarici vətəndaş o vizanı səfirlikdən almaq üçün min əziyyətə qatlaşmalı olurdu, onu get-gələ salırdılar, qanunsuz tələblər irəli sürürdülər. Bu məsələ birdəfəlik həll olundu. İndi bu olmasaydı, Azərbaycana kim gələrdi? Bəzi xarici ölkələrdə olarkən görüşlər əsnasında mənə deyirdilər ki, biz Azərbaycana gəlmək istəyirik, bizim vətəndaşlar gəlmək istəyirlər, amma çox çətindir. Gərək bir həftə, iki həftə əvvəl planlaşdırasan, bilinmir hələ sənə viza verəcəklər, ya verməyəcəklər, bizim konsulumuz olan başqa şəhərə getməlisən. Mən bu məsələni tam diqqətə götürdüm və dərhal inqilabi dönüşlər yarandı. Ona görə turistlərin axınının əsas səbəbləri, bax, budur - bizim siyasətimiz, verdiyim göstərişlər, onların icrası, viza və təhlükəsizlik məsələləri, müasir infrastruktur, hotellər, istirahət zonaları və əlbəttə ki, Bakının gözəlliyi. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir”.
   Dövlət başçısı Bakının tarixi binalarının tarixi irsimiz qorunmaqla təmir edildiyini, İçərişəhərin dünyanın ən cəlbedici tarixi yerlərindən birinə çevrildiyini vurğulayıb: “Bulvarın uzunluğu 3 kilometrdən 16 kilometrə çatdırıldı, söküntü işləri aparıldı, yeni yollar açıldı, yeni parklar salındı. Biz beynəlxalq yarışlar keçirdik, dünyanın diqqətini cəlb etdik. “Eurovision”, Avropa Oyunları, 500 milyon auditoriyası olan “Formula-1” keçirdik. Bunlar olmasaydı, kimsə gələrdimi? Əsas amillər bunlardır, bunu hamı bilsin və düzgün qiymətləndirsin”.
   Prezident gələn ay ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini və bunun böyük idman bayramı olacağını vurğulayıb.
   İclasa yekun vuran dövlət başçısı qeyri-neft sektorunun bundan sonra da diqqət mərkəzində olacağını, Azərbaycan brendinin dünyada təbliğ edildiyini, müxtəlif ölkələrdə ticarət evlərinin yaradıldığını, ticarət-ixrac missiyalarının həyata keçirildiyini deyib, qarşıda duran məsələlərlə bağlı müvafiq tapşırıqlar verib.