Aprelin 12-dən 15-dək Azərbaycanda Qazaxıstan Respublikasının Qızıl Orda vilayətinin mədəniyyət günləri keçiriləcək. Mədəniyyət günlərinin açılış mərasimi aprelin 12-də Azərbaycan Dövlət Musiqili Teatrında baş tutacaq.
   Teatrın mətbuat xidmətindən bildirilib ki, tədbirin rəsmi hissəsindən sonra Qızıl Orda vilayətinin incəsənət ustaları konsert proqramı ilə çıxış edəcəklər. 
   Aprelin 13-də isə Azərbaycan Dövlət Rus Dram Teatrında N.Bekejanov adına Qazax Musiqili Dram Teatrının Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyası əsasında hazırladığı “Getməyəcəksən! Vəssalam, getməyəcəksən...” tamaşası təqdim olunacaq. 
   Qazaxıstan Respublikasının Qızıl Orda vilayətinin Azərbaycanda mədəniyyət günləri ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilib. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və TÜRKSOY-un dəstəyi ilə baş tutan mədəniyyət günləri çərçivəsində Şəkidə də konsert və tamaşa göstəriləcək.