1992-ci ildə erməni işğalçıları tərəfindən Kəlbəcər rayonunun Ağdaban kəndində törədilən qanlı faciənin 25 ili tamam olub. Bununla bağlı rayon İcra Hakimiyyətində Ağdaban kənd sakinlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilib.
   Əvvəlcə Ağdaban faciəsindən bəhs edən film nümayiş olunub. Daha sonra çıxış edən İcra Hakimiyyəti başçısının müavini Aytac Rüstəmzadə 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlı dəstlərinin Ağdaban və Çayqovuşan kəndlərində törətdiyi qırğından bəhs edib. Bildirib ki, o gecə 34 nəfər qətlə yetirilib, o cümlədən 7 nəfər diri-diri yandırılıb, onlarla dinc sakin şikəst edilib.
   Erməni vandalları şair Qurban və Dədə Şəmşir ocağını yandıraraq buradakı əlyazmaları və nadir tarixi əşyaları məhv ediblər.
   Soyqırımı şahidləri - Ağdaban kənd sakinləri Cavad Əliyev, Dadaş Əhmədov və Dilarə Mirzəyeva dəhşətli gecəni xatırlayaraq, erməni silahlıları tərəfindən başlarına gətirilən müsibətdən danışıblar.