Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” II Respublika festivalının açılış mərasimi keçirilib.
   Layihənin ideya müəllifi və rəhbəri professor Tərlan Seyidov, festivalın münsiflər heyətinin sədri BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylidir.
   BMA-nın məktəb-studiyasının bazasında - eksperimental laboratoriyasında keçirilən budəfəki festivalın xüsusiyyəti ondan ibarətdir ki, bütün iştirakçılar 8-12 dəqiqə ərzində Azərbaycan bəstəkarlarının əsərlərini, xalq mahnı və rəqslərinin işləmələrini hər əsərin ifasından əvvəl onun lad strukturunu nümayiş etdirməklə, yəni milli ladların səs sıralarını və kandensiyalarını ifa etməklə təqdim etməlidirlər.
   Festival dörd nominasiya (fortepiano, simli alətlər, nəfəs alətləri və vokal) üzrə keçirilir. İştirak üçün Bakının və respublikanın 19 regionundan 110-dan çox ərizə verilib. Aprelin 17-də laureatların yekun konserti və diplomların təqdimi olacaq.