Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun (1950-2016) xatirəsi doğulduğu Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində anılıb.
   Tədbirdə ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, tanınmış həkim, professor Fərman Ceyranlı və başqaları çıxış edərək Zəlimxan Yaqubun həyat və fəaliyyətindən, Azərbaycan ədəbiyyatının zənginləşməsində xidmətlərindən danışıblar. 
   Bildirilib ki, Z.Yaqub təkcə Azərbaycanda və Gürcüstanda deyil, bütün türk dünyasında sevilən böyük şair idi. Çıxışlarda Z.Yaqubun Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin inkişafındakı xidmətləri xüsusi vurğulanıb. Ölməz şairin xatirəsinin qəlblərdə daim yaşayacağı qeyd olunub. 
   Mədəniyyət və incəsənət ustaları şairin şeirlərinə bəstələnmiş mahnıları ifa ediblər. Məktəblilər söz ustadının şeirlərini söyləyiblər. 
   Xalq şairinin qardaşı Çingizxan Yaqubov tədbirin təşkilatçılarına minnətdarlıq edib.