Xəbər verdiyimiz kimi, 2016-cı ildən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsinə başlanılıb. Layihə üzrə Türkiyədə fəaliyyət göstərən “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatı ilə əldə olunmuş razılığa əsasən, seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi həyata keçirilməkdədir.
   Ötən müddətdə Yusif Vəzir Çəmənzəminli “Qan içində. İki od arasında”, Cəlil Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları” kitabları türkiyəli kitabsevərlərin ixtiyarına verilib. Bugünlərdə isə layihə çərçivəsində Xalq yazıçısı Yusif Səmədoğlunun “Qətl günü” romanı türk dilində çapdan çıxıb. Azərbaycan əsilli tanınmış şair-yazıçı Yurtseven Şenin türkcəyə çevirdiyi əsərdə üç müxtəlif dövrün ictimai-siyasi mühiti və bu dövrlərdə insanın faciəsi magik realizm üslubunda qələmə alınıb.