Rejissor İlqar Safatın “İçərişəhər” bədii filmi ABŞ-ın Cənub-Şərqi Avropa Film Festivalına (SEEfest) dəvət alıb.
   Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, aprelin 27-dən mayın 4-dək Los-Ancelesdə keçiriləcək festivalda “İçərişəhər”in ssenari həmmüəllifi və baş rolun ifaçısı Təhminə Rafaella filmi təqdim edəcək. Festivalın əsas müsabiqə proqramında nümayiş olunacaq film “Ən yaxşı bədii film”, “Ən yaxşı operator işi” və “Tamaşaçı rəğbəti” mükafatlarına nominantdır.
   “İçərişəhər” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2016-cı ildə lentə alınıb.
   Rejissorlar Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi isə Rusiyanın Ulyanovsk şəhərində keçiriləcək 11-ci “Səmimi qəlbdən” beynəlxalq ailə filmləri festivalının “Bizim uşaq kinosu” müsabiqə proqramına dəvət alıb.
   “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan festival mayın 26-dan 30-dək davam edəcək. “Dərs” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
   Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.