Aprelin 16-da paytaxtın Nizami küçəsində fəaliyyət göstərən incəsənət məkanında Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Məkan və incə sənət” adlı plener keçiriləcək.
   Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2016-cı ildə yaradılmış incəsənət məkanında təşkil olunan plener rəssamlıq sənətinin, rəssamların yaradıcılığının yerli və xarici turistlərə təbliği, paytaxtın mədəni həyatına rəngarəngliyin gətirilməsi məqsədilə həyata keçirilir. Tədbir, həmçinin açıq səma altında çoxsaylı rəssamların birgə çalışmasını nəzərdə tutur. 
   Plener boyakarlığı naturanı bilavasitə öyrənmək və onun real simasını tam əks etdirmək məqsədilə rəssamların emalatxanadan kənarda, açıq havada işləmələri ilə əlaqədar meydana gəlib. 
   Tədbir zamanı Bakının musiqi məktəbləri şagirdlərinin konsertinin keçirilməsi də nəzərdə tutulur.