Aprelin 11-də Avropa İttifaqı ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə həyata keçirdiyi Tvinninq layihəsi çərçivəsində mədəniyyət sektoru işçiləri üçün “Layihə dövrünün idarə edilməsi” mövzusunda təlim kursu başlayıb. 
   Dörd gün davam edəcək treninqin keçirilməsində məqsəd mədəniyyət sektoruna dair layihələr üçün maliyyələşmə imkanları, eləcə də beynəlxalq donorlara təqdim olunması üçün layihə təkliflərinin hazırlanmasına dair zəruri bilikləri təmin etməkdir. 
   Tədbirdə Tvinninq layihəsinin Azərbaycandakı koordinatoru Alessandro Bianki və layihənin yerli həmkarı, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin böyük məsləhətçisi Ramil Abbəkirov çıxış edib.
   Treninq İtaliyanın “Confservizi CİSPEL” regional assosiasiyasının beynəlxalq fəaliyyətlər üzrə təcrübəli əməkdaşları Marko Simonçini və Massimo Gacci tərəfindən ingilis dilində aparılır.
   Təlimdə Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosu, Azərbaycan Turizm və Menecment Universiteti, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz, Milli İncəsənət, Xalça, Teatr, Musiqi Mədəniyyəti, İstiqlal muzeyləri, Teatr Təlim Mərkəzi, Yuğ teatrı, İçərişəhər Dövlət tarix-memarlıq, Qala Dövlət tarixi-etnoqrafik qoruqlarının nümayəndələri iştirak edir.
   Treninqin üç günü nəzəri biliklərə və müxtəlif təlimat sənədlərinə həsr olunacaq. Sonuncu gün isə iştirakçılar qruplar şəklində donorlara təqdim olunması üçün sınaq layihə təklifi hazırlayacaq və onu auditoriya qarşısında təqdim edəcəklər. Sonda iştirakçılara sertifikat təqdim olunacaq.