Aprelin 13-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın baş katibi Altay Əfəndiyev ilə görüşüb.
   Görüşdə ölkəmizdə turizm sahəsində həyata keçirilən islahatlardan söz açan nazir müavini qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” turizmin bütün növlərinin inkişafına yönəldilmiş tədbirlərin həyata keçirilməsini, bu sahədə maneələrin aradan qaldırılmasını nəzərdə tutur. Söhbət əsnasında turizm sahəsində aparılmış uğurlu siyasətin həyata keçirilməsi nəticəsində ölkəmizə ilk növbədə Körfəz ölkələri, İran və MDB ölkələrindən gələn turist sayında mühüm artım dinamikası barədə məlumat verilib. 
   GUAM-ın baş katibi öz növbəsində təşkilat tərəfindən mədəniyyət və turizm sahələrində həyata keçirilən layihələr, habelə Dünya Turizm Təşkilatı və GUAM arasında imzalanması nəzərdə tutulan memorandum barədə məlumat verib.
   Daha sonra GUAM-Yaponiya əməkdaşlığı çərçivəsində 29 yanvar - 4 fevral tarixlərində Yaponiyada keçirilmiş seminarın nəticələri, GUAM-a üzv ölkələrin Yaponiyada keçiriləcək növbəti JATA turizm sərgisində vahid stendlə təmsil olunması, həmin sərgi çərçivəsində GUAM ölkələrinin turizm potensialının təbliği məqsədilə təqdimatın təşkil edilməsi, üzv ölkələrdə Yaponiyanın media və turizm sənayesi nümayəndələrindən ibarət heyətlər üçün tanışlıq səfərlərinin keçirilməsi, yapondilli bələdçilərin hazırlanması, bu ölkələr üzrə bələdçi kitabçalarının hazırlanması və digər məsələlər müzakirə edilib.