Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində “Mstislav Rostropoviç bakılıların xatirəsində” adlı tədbir keçirilib.
   M.Rostropoviçin 90 illik yubileyi ilə bağlı ölkə başçısının müvafiq sərəncamının icrası ilə bağlı tədbirlər çərçivəsində təşkil olunan görüşün iştirakçıları əvvəlcə muzeyin fondunda saxlanılan M.Rostropoviçə həsr edilmiş sənədli filmlərdən fraqmentlərə baxıblar.
   Muzeyin direktoru Şeyla Heydərova maestronun həyat və yaradıcılığından, Bakıya və bakılılarla doğma münasibətindən söhbət açıb, onun uşaqlıq illərini keçirdiyi bu evdə uzun zaman sonra musiqi xadimləri, dövrünün tanınmış ziyalıları ilə keçirdiyi görüşlərdən, ustad dərslərindən bəhs edib.
   Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı İsa Məmmədov, Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Aksana Orlova, musiqiçilər Kamal Paşazadə, Rəcəb Rəfiyev və başqaları M.Rostropoviçin əvəzolunmaz violonçel ifaçısı və dirijor olmaqla bərabər, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi olduğunu söyləyiblər. 
   Sonda Xalq artisti, violonçel ifaçısı Rasim Abdullayev konsert proqramı ilə çıxış edib.