“Baku Shopping Festival”a qoşulmuş mağazalarda alıcı sıxlığı müşahidə olunur
   
   Ötən il sentyabrın 1-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı ilə ölkəmizdə turizmin inkişafı üçün bir sıra addımların atılması nəzərdə tutulurdu. Həyata keçiriləcək tədbirlərdən biri də Bakıda Şopinq festivalının təşkil olunması idi.    
   Bu cür festivallar dünyanın bir sıra şəhərlərində keçirilir. Onların arasında İstanbul və Dubay şopinq festivalları xüsusilə məşhurdur. Hər “İstanbul Shopping Festival”a 1 milyona yaxın xarici turist gəlir, onların arasında azərbaycanlılar da var. Belə bir festival ölkəmizdə ilk dəfə təşkil olunacağından, tədbirə böyük maraq vardı. Aprelin 10-da start verilən “Baku Shopping Festival”ın gedişi də bunu təsdiq edir.
   Xatırladaq ki, festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə olunub. Eyni zamanda Vergilər Nazirliyi və digər aidiyyəti qurumlar da bu işdə yaxından iştirak edir.
   
   Alıcılar arasında xanımlar üstünlük təşkil edir
   
   Festivala 110-a yaxın mağaza, 50-dək hotel və restoran qoşulub. İri ticarət mərkəzlərində alınan malların əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması (“Tax free”) işinin təşkili üçün Vergilər Nazirliyinin məlumat köşkləri qurulub.
   Biz də şəhərimizin əsas ticarət mərkəzlərində olub, “Baku Shopping Festival - Tax Free” stikeri yapışdırılan mağazalarda insanların marağını öyrənməyə çalışdıq.
   Baş çəkdiyimiz bir neçə ticarət mərkəzində Şopinq festivalına qoşulmuş dükanlarda satıcılar alıcı sıxlığının olduğunu dedilər. Brend mağazalardan birinin satıcısı Elnarə İsayeva bildirir ki, alıcılar arasında xanımlar üstünlük təşkil edir. Xarici turistlərdən isə ərəb ölkələrindən olan vətəndaşlar daha çoxdur. 
   Elə həmin mağazada alıcılardan Leyla Hacıyevanın fikirlərini öyrənirik. Leyla xanım deyir ki, alış-verişi sevməyən qadına rast gəlmək çətin məsələdir: “Mən özüm də tez-tez müxtəlif ticarət mərkəzlərindən alış-veriş edirəm. Qiymətlər isə son bir il ərzində daha da yüksəlib. Ona görə də belə bir Ticarət festivalında endirim və ƏDV-lərin geri qaytarılması kimi imkandan yararlanmaq istəyirəm”.
   Festivalın təşkilatçısı qismində çıxış edən Azərbaycan Konqreslər Bürosunun əməkdaşı deyir ki, gün ərzində həm yerli vətəndaşlar, həm də xarici turistlər köşklərə yaxınlaşıb festival haqqında məlumat alırlar. İnsanlar daha çox ƏDV-nin necə qaytarılması haqqında bilgi almağa çalışırlar. Müsahibim bildirir ki, maraqlananlara festival müddətində təşkil olunan mədəni proqramlar haqqında da məlumat verilir.
   
   ƏDV necə geri alınır?
   
   Vergilər Nazirliyinin əməkdaşı qeyd edir ki, alış-veriş edən hər bir şəxs qoyulan 100 manat limitindən az olmayaraq məbləğin ƏDV-sini həmin gün ərzində geri ala bilər. Bu imkandan istifadə etmək üçün festival keçirilən yerdə alış-veriş etmək lazımdır. Azərbaycan vətəndaşları, əcnəbilər və vətandaşlığı olmayan şəxslər də bu fürsətdən yararlana bilərlər.
   Həmsöhbətim deyir ki, ödənilmiş ƏDV-ni 3 addımdan ibarət sadə təlimatdan istifadə edərək rahatlıqla geri almaq mümkündür. Birinci addım festival keçirilən yerdə alış-veriş edilən zaman ƏDV-ni qaytarmaq hüququ verən xüsusi blankın doldurulması üçün satıcıya şəxsiyyəti təsdiq edən sənəd təqdim olunur. Satıcı şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etdikdən sonra alıcıya 2 nüsxədə imzalanmış, möhürlə təsdiq edilmiş blank təqdim edir. Bu blankda digər məlumatlarla yanaşı ödənilmiş ƏDV-nin məbləği və qaytarılacağı son tarix göstərilir. Bu imkandan istifadə etmək üçün alıcının bir blank üzrə aldığı malların dəyəri ƏDV ilə birlikdə ən azı 100 manat olmalıdır. İkinci addımda əldə olunan blankı festival dövründə fəaliyyət göstərən ƏDV köşklərindən birinə təqdim etmək lazımdır. ƏDV köşkündə vergi orqanı əməkdaşı yoxlama apardıqdan sonra blankda xüsusi qeydlər etməklə onu möhürləyib geri qaytarır. Üçüncü addımda isə təsdiq olunmuş blankı müvəkkil banka təqdim etməklə ƏDV geri alınır.
   
   Fariz