Sənədli filmin təqdimatı keçirilib
   
   Aprelin 11-də Füzuli Dövlət Dram Teatrında Azərbaycanın Milli Qəhrəmanı Pəhləvan Fərzəliyevə həsr edilmiş “Şərəfli ömrün manifesti” sənədli filminin təqdimatı olub. Dövlət sifarişi ilə “Yaddaş” studiyasında lentə alınan filmin ssenari müəllifi və quruluşçu rejissoru İltifat Hacıxanoğludur.
   Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun böyük məsləhətçisi Almaz Sultanzadə dövlət sifarişi ilə Qarabağ mövzusunda çəkilən filmlər, bu filmlərin vaxtaşırı olaraq ölkənin müxtəlif bölgələrində nümayişləri haqqında məlumat verib. Bildirib ki, indiyədək Milli Qəhrəmanlar silsiləsindən 70-ə yaxın film lentə alınıb.
   Tədbir iştirakçıları sonra “Şərəfli ömrün manifesti” sənədli filmini izləyiblər.
   Nümayişdən sonra filmin ssenari müəllifi və rejissoru İltifat Hacıxanoğlu ekran əsərinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətindən danışıb. 
   Məlumat verilib ki, Pəhləvan Əhliman oğlu Fərzəliyev 1958-ci il sentyabrın 27-də Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1990-cı ildən polis zabiti kimi xidmətə başlayıb, rayonun erməni silahlılarının hücumundan müdafiəsində şücaət göstərib. 1992-ci il aprelin 11-də Qacar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin il sentyabrın 8-də ona Milli Qəhrəman adı verilib.
   Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən, vətənpərvər oğulların respublikamızın ərazi bütövlüyü uğrunda fədakar mübarizəsindən, müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, müharibə zamanı Füzuli rayon sakinlərindən 657 nəfər şəhid olub, 6 nəfər Milli Qəhrəman adına layiq görülüb. İcra başçısı bu cür ekran əsərlərinin ərsəyə gətirilməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə, “Yaddaş” studiyasına təşəkkür edib. Sonda Milli Qəhrəman Pəhləvan Fərzəliyevin anası Sücaət xanım tədbir iştirakçılarına təşəkkürünü bildirib.
   
   Lalə