200-dək fundamental layihəsilə əsl milli inşa sifəti yaratmış Mikayıl Hüseynov
   
   200-dək... 
   Bu, dünya şöhrətli memarımızın həyata keçirilmiş layihələrinin göstəricisidir. Əsasən subyektiv səbəblərdən (məlum Mərkəzin üzə dediyi “vəsait yoxdur” və ya “ucqar Moskvamız çatmırmış!” kimi “çort poberi”lərindən) onun elə “çertyoj bələyində” boğulmuş misilsiz işləri də az olmayıb...
      
   Onun yaratdığı unikal maddi reallıqları təsəvvürdə canlandırmaq belə çətin. Bununçün gərək, günlərlə yaxın-doğma Bakı-Şəkini, Naxçıvanı, Gəncəni gəzib, xəyali bir “sabiq SSRİ səfəri” edib, bu arxitektura fenomeninin Düşənbə, Moskva və başqa şəhərlərdə Şərq-Qərb memarlıq məktəbləri sintezilə yaratdığı bənzərsiz mədəni-məişət tikililərinin seyrinə durasan... 
   Onlardan bir neçə “yerli nümunə”ni “yerli oxucular”ımızın diqqətinə çatdırmaq fikrinə düşdüm: Bakıda “Alimlər evi”, Azərbaycan Dövlət Konservatoriyası, Nizami adına Ədəbiyyat Muzeyi, “Nizami” kinoteatrı, Azərbaycan Politexnik İnstitutu (indiki Texniki Universitet), hazırkı Nazirlər Kabineti binası, Azərbaycan Milli Kitabxanası, Bakı Metropoliteninin “Nərimanov”, “Nizami”, “Elmlər Akademiyası” stansiyaları, Hökumət evi yanında keçmiş “Abşeron” və “Azərbaycan” mehmanxanaları, şəhərin müxtəlif məkanlarında binalar... 
   Elə bu “çoximarətli” kişinin elmi-pedaqoji titullarını, daşıdığı vəzifələri, təltifat və mükafatlarını dəqiqliklə xatırlayıb-xatırlatmaq da asan deyil: Əməkdar incəsənət xadimi, SSRİ (1941) və Azərbaycan SSR (1967) Dövlət mükafatları laureatı, Azərbaycan SSR Elmlər Akademiyasının və SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü, SSRİ Xalq memarı, Sosialist Əməyi Qəhrəmanı, memarlıq doktoru, Britaniya Kral Asiya Cəmiyyətinin fəxri üzvü, Azərbaycan SSR Ali Sovetinin üç, SSRİ Ali Sovetinin iki çağırış deputatı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının ilk prezidenti... 
   Səksən səkkiz illik ömründə yaratdığı binalarda canlara mədəni-məişət rahatlıqları, qeyri-adi naxışlarıyla baxışlara gözəlliklər, könüllərə estetik həzz bəxş etmiş bu poetik memarın bu dünya və bu sənətə gəlişi də -
   
   Maddi-mənəvi “arka”larla zəngin...
    
   1905-ci ilin aprelində (Bakıda) doğulmuş Mikayıl təzəcə dil açırkən “Bu evdə ən çox kimi çox istəyirsən” sualına (“atamı”, “anamı”, “bibimi”, “xalamı” kimi “ənənəvi cavablar verən bütün Azərbaycan körpələrindən fərqli olaraq) “Bu evi!” - deyib. Deyiblər, biz ev demirik e, adam deyirik, qayıdıb ki, bu evi tikəni...
   Belə dil açan bir uşaq, təbii ki, gənclik illərində memarlığa həvəs göstərməli və bütün ömrünü bu sahəyə həsr etməli idi.
   Bəs həmin suala verdiyi o qəribə cavabdan sonra?..
   Bu barədə özünün zaman-zaman etdiyi söhbətlərdən, mətbuata müsahibələrindən fraqmentlər.
   “Bəli, bu sənəti mən hələ uşaqkən sevib-seçmişəm. Məsələn, ovaxtlarımda kibrit dənələrindən, plastilindən, ağac qırıntılarından müxtəlif konstruksiyalı “binalar” tikərdim...
   10 yaş “yubileyimdə” qohumlarımızdan biri mənə, sonrakı bütün fəaliyyət fəlsəfəmi müəyyənləşdirəsi iki qəribə hədiyyə bəxş etdi: Leonardo da Vinçi haqda kitab və İtaliya şəhərlərinin mənzərələrini əks etdirən filmoskop. Mən uzun illər nə o kitabdan, nə filmoskopdan ayrıla bildim. Bunlar, onsuz da ağlım kəsəndən canıma hopmuş memarlıq sənəti eşqimi bir az da qüvvətləndirdi. Sonra qaynar tələbəlik həyatı, ardınca, dünya məşhuru Aleksey Viktoroviç Şusevlə şəxsi tanışlıq, yaradıcılıq işlərimin əksərində müştərəklik etdiyim görkəmli memarımız Sadıq Dadaşovun məsləhət və tövsiyələri, bir çox memarlıq inciləri olan ölkələrə, şəhərlərə səfərlər, bu sahə üzrə klass-məktəblər, üslublar... 
   Bütün bunlar mənə belə bir həqiqəti də öyrətdi ki, sənətdə nəinki son, hətta sondan əvvəlki hədd də yoxdur. Bu baxımdan, indiyədək mənə verilən “hansı layihəni daha çox bəyənir, daha üstün sayırsan” kimi sualların cavabında “bundan sonrakıları” deyirəm. Bəzi jurnalistlər təkid edəndəsə, Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri sərgisindəki “Azərbaycan pavilyonu”nu xatırladıram.
   Həmişəmüasir problemlərdən biri də, “predmet”i dilsiz-ağızsız daşlardan ibarət olan memarlıqda millilik məsələsidir. Unutmamalıyıq ki, bu sənətin bizdəki kökləri də əsrlər dərinliklərində qoyulub. Amma bu fikirdə sözün “mənsubiyyət” tonuna varmaq lazımdır: bizim əsrlərin! Heç bir dahi memar, heç bir texniki nailiyyət, təzə tikinti materialı və sair, yüzillik-minilliklər boyu formalaşmış ümumareal memarlığının, el-oba zövqünün mütərəqqi, “yüz ölçü-bir biçi” cəhətlərini inkar etməməli, əksinə, “dədə ənənələrinə nəvə-nəticə əlavələri” edilmiş əbədi sənət karvanlığına nail olunmalıdır...”
   Böyük ustadın bir vaxt tələbələri, indilərsə davamçıları olmuş memarlar da onu tez-tez məmnuniyyətlə xatırlayır, bu universal nüfuzlu müəllimin həyat, cəmiyyət, sənət düşüncələrindəki “memarlığından” da söhbət açırlar: “Xalq - tarixən, ən hündür tikililərin də fövqündə olub”, “Layihələndirərkən təkcə əzəmət və keyfiyyətə yox, gözəlliyə də diqqətlə yanaşın; duyğuların əksəri gözlərdən keçir”... 
   Və... belə bir gözəllik ustadının Fəxri xiyabandakı sadə-saya qəbirüstü abidəsi üzərindəki son rəqəm: 17 oktyabr 1992...
   Allah rəhmət eləsin. 
   
   Tahir Abbaslı