Rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi Hindistanda keçirilən Kəlküttə Beynəlxalq film festivalının “Ən yaxşı bədii film” mükafatına layiq görülüb.
   Bu barədə rejissor özü məlumat verib.
   Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.
   Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu tanışlıq onun həyatında yeni səhifə açır, tanımadığı dünyaya daxil olur...
   Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək 30-dək beynəlxalq festivalda iştirak edib. Ekran əsəri 4 dəfə ən yaxşı film kimi baş mükafatlara, 3 dəfə ən yaxşı rejissor işinə görə, ən yaxşı ssenari, qadın oyunçu və “Humay” milli mükafatına layiq görülüb.